İlham Əliyev: Ermənistan tərəfdən nüvə təhlükəsi var

İlham Əliyev

«Azərbaycan nüvə təhlükəsizliyi üzrə beynəlxalq səviyyədə qəbul edilmiş bütün sənədlərə hörmət edir və onları icra edir».

Bunu prezident İlham Əliyev martın 27-də Seulda keçirilən nüvə təhlükəsizliyi sammitindəki çıxışında bildirib.

İlham Əliyev deyib ki, 1976-cı ildə Ermənistanda tikilmiş Atom Elektrik Stansiyası köhnəlib. Müasir standartlara cavab vermir və seysmik zonada yerləşir. Bütün bunlar Ermənistandakı Atom Elektrik Stansiyasını təhlükə mənbəyinə çevirib.

50 ölkənin dövlət və hökumət başçılarının iştirakı ilə keçirilən sammitdə nüvə terrorizmi təhlükələrinə qarşı mübarizə, atom obyektlərinin terrorçuların mümkün hücumlarından müdafiəsinə xüsusi diqqət yetirilib. Bundan başqa, yüksək səviyyədə zənginləşdirilmiş uran və plutoniumdan xammal kimi istifadə imkanlarının minimuma endirilməsi məsələləri müzakirə edilib.

Sammit yekun sənədin qəbulu ilə başa çatıb. Növbəti sammit 2014-cü ildə Niderlandda keçiriləcək.