Sima Ənnağı. Mesajlarından ötrü darıxdım

Münsiflər bu şeirləri "Ədəbi Azadlıq-2012" müsabiqəsinə qatılmış 149 müəllifin əsəri arasından seçib fərqləndirib, amma 20-liyə düşmək üçün balı kifayət etməyib.



Sima Ənnağı


***


Hər səhər
“Dur yuxudan, tənbəl...”
Mesajlarından ötrü darıxdım.
Bir mesajınla
Qanımı qaynadan adrenalin
Dağı-dağ üstə qoymağa yetərli.
Elə bilirdim ki, günəş
Yalnız mənim üçün
Buludların tıxacında ilişib qalır.
Elə bilirdim ki, atmosferdən süzülən flüidlər
Uğursuzluqlarımı dağıdır.

Vaxt vardı,
Fədakar qadınlar
Özlərini qayadan atardılar
Sevgilərini sübut etmək üçün.
Vaxt vardı,
Qoçaq kişilər
Ölkələri fəth edərdilər
Sevgililərini qorumaq üçün,
Atardılar məğlub imperatorların kəllələrini
Sevimli qadınların ayaqları altına...

Tarixin saatı
Sürətli addımlarla əsrlərə keçir,
İnsanlar dəyişir.
Daha özünü qayadan atan qadın yoxdu,
Daha dünyaları fəth edən kişi qalmadı.
Sevgi öldü.

Sən də əhatə dairəsində deyilsən...

***

Əvvəl
Sevgilim,
Aşkım, həyatım,
Göyərçinim
Deyərdin mənə,
Dördhərfli adımın əvəzinə.
Sonra şirin nağıllarla
Darıxdırıcı günlərimə rəng qatdn.
Sonra
Gündəlik görüşlər
Yerini
Gecə zənglərinə verdi,
Sonra – tələsik, qısa mesajlara.

Sonra susdun.

Soyuq pəncərələrə çırpılan
Günlərim sənsiz keçdi.
Sənin haqqında fikirlərim
Səhər dostlaşdı,
Axşam – toqquşub dalaşdı beynimdə.

Niyə ağlayıram?
Sorma.
Sənə nə...