3 ildir operasız qalan Gürcüstan

Gürcüstan. Opera və Balet Teatrı

Tbilisi dövlət opera və balet teatrının qapıları 3 ildir ki, klassik musiqisevərlərin üzünə qapalıdır, teatrda təmir işləri gedir. Teatr truppası məşqlərini müxtəlif yerlərdə edir, elə konsertlər, tamaşalar da müxtəlif salonlarda təşkil olunur. Dövlət Konservatoriyasının professoru Rezo Takidze deyir ki, üç ildir ki operası işləməyən ölkədə hansısa mədəni həyatdan danışmaq çox çətindir:

«Teatr öz fəaliyyətini bərpa etməyincə hər hansı bir fikir irəli sürmək mümkün deyil. Əgər teatrın salonu tamamilə dolu olarsa onda biz deyə bilərik ki, tamaşaçılarda operaya getmək istəyi var. Biz indi teatrın açılmasını gözləyirik və ümid edirik ki, hər şey əvvəlki kimi, heç olmazsa 2009-cu ilədək olduğu kimi olacaq».

Gürcüstanda klassik incəsənət dotasiya şəklində mövcuddur. Maliyyə ölkənin mədəniyyət nazirliyinin büdcəsindən ayrılır. 2012-ci ildə nazirliyin büdcəsi 81,5 milyon lari (təxminən 50 milyon dollar) təşkil edir, opera və balet teatrına isə 3 milyon 827 min lari (təxminən 2 milyon 500 min dollar) vəsait ayrılıb ki, bunun da böyük bir hissəsi teatr işçiləri və yaradıcı truppanın əmək haqlarına sərf olunur. Teatr binasının bərpa və təmirini isə dövlət maliyyələşdirmir, bu işdə xeyriyyə fondları yardım əlini uzadır. Opera teatrına maliyyə yardımı etmək məqsədilə «operanın dostları şurası» da yaradılıb. Opera teatrının ictimaiyyətlə əlaqələr şöbəsinin rəhbəri Zurab Oikashvili teatrın özəl şəxslərdən nə qədər yardım aldığını açıqlamır, amma narazılıq üçün heç bir əsasın olmadığını da deyir:

«Dövlət yüksək səviyyədə dəstək göstərir. Bəzən fərdi şəxslər də, hətta Avropa ənənəsinə uyğun olaraq qrup halında da teatra yardım edirlər. Xoşbəxtlikdən Gürcüstanda messenatlıq mövcuddur. Müxtəlif təşkilatların uzun illərdir davam edən dəstəyini buna misal göstərmək olar. Bu yaxınlarda «operanın dostları şurası» yaradılıb, onlar da teatra maliyyə yardımı göstərəcəklər».

«PROBLEM HƏM DƏ ÖLKƏNİN MƏDƏNİYYƏTLƏ BAĞLI SİYASƏTİNDƏDİR»


Konservatoriyanın professoru, drijor Gogi Chichinadze klassik musiqinin inkişafı baxımından bugünkü vəziyyəti faciə adlandırır. Onun fikrincə, maliyyə çatışmazlığı ilə yanaşı mühüm problemlərdən biri də ölkənin mədəni siyasətidir. Gogi Chichinadze diqqəti musiqi məktəbləri ilə bağlı yeridilən siyasətə, başqa sözlə onların qapadılmasına yönəldir. Deyir ki, hazırda ölkədə imtiyazlı və qeyri imtiyazlı truppalar mövcuddur:

Gogi Chichinadze

​«Heç bir orkestr şəhərdə mövsümü müntəzəm olaraq təmin etmir. Çünki orkestrlərin səviyyəsi nisbətən aşağıdır. Bizdə kadrlarımız yoxdur, xarici musiqiçiləri isə dəvət edib orkestrdə oturtmağa pul yoxdur. Abituriyentlər faktiki olaraq konservatoriyaya gəlib çata bilmirlər, çünki kadr çatışmazlığından onların öyrənmək imkanları yoxdur. Bütün mövsümlər mədəni tədbirlərsiz keçir. Artıq oxuya bilməyən, 60-cı illərin ulduzlarının konsertlərinə külli miqdarda pullar xərclənir. Onların ildə bir dəfə gətirilməsinə böyük pullar sərf olunur, halbuki bu pulları musiqi məktəblərinin inkişafına yatırmaq olardı. Və təbii ki, bunun da nəticəsi göz qabağında olardı».

MUSİQİÇİLƏRİN ÇƏTİN HƏYATI

Gogi Chichinadze onu da deyir ki, gənc nəsildə klassik musiqiyə maraq da olduqca aşağıdır. Məsələn, bu il konservatoriyanın fortepiano fakültəsinə cəmi 15 ərizə daxil olub, halbuki bir vaxtlar bu göstərici 150 idi. Simli alətlər şöbəsinə isə ərizə verənlərin sayı daha az olub, 5 nəfər. Opera simfonik orkestrinin artisti İrakli Cararidze isə musiqiçilərin həyatının çətinliyindən danışır. Deyir ki, aylıq əmək haqları 250-500 lari (150-300 dollar) arasındadır, çox vaxt ailənin digər üzvləri hesabına və ya xarici truppalarda çalışmaqları hesabına yaşamalı olurlar:

«Mən 20 ildir ki, paralel olaraq beynəlxalq orkestrin üzvüyəm. Bu orkestrə düşməsəydim peşəmi itirməli olacaqdır, başqa sözlə məni xaric saxlayır. İndi vəziyyət bir qədər yaxşılaşıb, amma daha da yaxşı olması arzu olunandır».

Gürcüstanın mədəniyyət nazirliyi isə son illər təmir olunan konsert salonlarından, klassik musiqinin inkişafı məqsədilə keçirilən yarışmalardan danışır. Amma ayrılan vəsaitin bu sahənin inkişafına azlıq etdiyinə nazirlik də göz yuma bilmir. Mədəniyyət nazirliyinin əməkdaşı Lika Kopaleishvilini eşidək:

«Belə olan halda nazirlik nə edə bilər? Bu və ya digər kollektivi maliyyələşdirməklə bağlı qərarlar təkbaşına verilmir. Nazirlik müəyyən çərçivə daxilində hərəkət edə bilər. Kollektivin rəhbəri də öz növbəsində hər şeyi bərabər, ədalətli bölüşdürməyi bacarmalıdır. Bu zəncirvari işdir».