Sara Selcan. Sevgi sərdabəsi

Münsiflər bu şeirləri "Ədəbi Azadlıq-2012" müsabiqəsinə qatılmış 149 müəllifin əsəri arasından seçib fərqləndirib, amma 20-liyə düşmək üçün balı kifayət etməyib.


Sara Selcan


Sevgi sərdabəsi

Yaddaşımım mağara qaranlığından
Çıxarıb səni
Ürəyimin ənginliklərinə uçurdum,
Min illərin səssizliyində
Sənsizliyə asıldı gözlərim gedən qışın ardından
yaşılını yaşamadan Gələn baharda.

Qəlbimin sən olmayan
Küncü də yoxdur
Dayanıb azca nəfəsimi dərim
Məni sənsizlik qədər incidən yoxdur
Ümidlərimə təsəlli verim.


Harda asılsın ümidlərim,
Harda dincini alsın
Sənə can atıb
Yürüməkdən təngənəfəs olmuş istəyim,
Harda
yetəcək sona
uğradığım sevginin ayrılıq qəzası?


Tanrım,mükafatı beləmi olur
təpədən-dırnağa qərq olduğun,
həyatının hər anında onu düşündüyün
acılarında qovrulduğun
qəhr olduğun
sevginin mükafatı-Ayrılıq cəzası.


Misir ehramlarından möhkəmdir
Səninçün tikdiyim sevgi sərdabəsi.
Mən sənsizliyə susadım
Sənsizlikdə var olan Sən
Cisim deyilsən
Hayandasa sağ ola-ola
Əllərin,üzün bəmbəyaz sevgi qoxuyan
Ruhsan kimçünsə
Ay kimi ağ
Qəlbimə çəkdiyim rəsmində

Səndən köçmək olmur
Bitmir sənə qayıtmaq.
Sənsizlik, Ayrılıqlar
Min il getsəm belə bitməyəcək
Yolun Sonsuzluğuna
Sevgi sərdabəmdə
Tab gətirəcək eşq var.


Sevdim


Qara məxməri gecələri ulduzlara görə sevdim,
Gündüzləri mavisinə görə göy üzünün.
Axar suları səsinə görə sevdim,
Yaşılına görə sevdim meşələri,
Quşları azadlığına görə.
Düzləri tənhalığına görə sevdim,
Yovşanları qədimliyinə.
Səni də sevdim,
Cox-cox sevdim,
Bilmirəm niyə
sevdiklərimdən.