3 milyonluq Bakıda 120 məscid

Arxiv foto

Dini Qurumlarla İş üzrə Dövlət Komitəsi yeni məscdilərin tikilməsi planlarının olmadığını, dindarlar isə 1000 məscidə ehtiyacları olduğunu deyir. Ətraflı "İslam və Demorkatiya" verilişində
“Şəhidlər Xiyabanındakı Türk məscidinin təmiri davam edir və yəqin yaxın vaxtlarda başa çatacaq. Bu məscidin bağlanma səbəbləri haqqında deyilən digər fikirlər reallığı əks etdirmir. Sadəcə məscid spesifik yerdə yerləşdiyindən, təmiri uzana bilər”.

Bunu “İslam və demokratiya” verilişinin qonağı, Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin şöbə müdiri Əliheydər Zülfüqarov deyir. Onun sözlərinə görə, bu caminin bağlanması ilə əlaqədar səslənən siyasi səbəblər əsassızdır.

ÖLKƏDƏ 1800 MƏSCİD VAR

Komitə nümayəndəsi deyir ki, hazırda Azərbaycanda Naxçıvan və işğal edilən ərazilər istisna olmaqla, 1800-dən çox məscid var. Bakı ərazisinə isə 120 məscid daxildir.

“Hazırda yeni məscidlərin tikilməsinə dair hansısa xüsusi bir proqram yoxdur. Bu istiqamətdə işlər görülür. Gələcəkdə yeni ibadət yerlərinin tikintisi mümkün ola bilər”.

TÜRKİYƏ-AZƏRBAYCANIN BİRGƏ MƏSCİDİ NECƏ OLDU?

Əliheydər Zülfüqarov

Ə.Zülfüqarovun sözlərinə görə, yeniləri tikilməsə də, mövcud məscidlərdə ibadət yerlərinin genişləndirilməsi davam edir. Bu yaxınlarda Bibiheybət, Təzə Pir, Əjdərbəy məscidində ərazi genişləndirilib. Bölgələrə gəlincə, Şamaxıda Cümə Məscidi, Gəncədə İmamzadə ziyarətgahı köklü təmir edilir.

Bir qədər əvvəl yayılan məlumatlara görə, Türkiyə və Azərbaycan hökuməti birgə Bakıda iri bir məscid tikiləcək. Lakin komitə nümayəndəsi deyir ki, hələlik onların təmsil etdiyi qurumda belə bir tikintinin sənədləşməsi getmir.

QARAJDA QEYDİYYATDAN KEÇƏN DİNİ İCMA

Hazırda dövlət komitəsi məscidləri yox, orada fəaliyyət göstərən dini icmaları qeydiyyata alır. Hüquqi ünvanı məscid göstərilməyən icmalar isə qeydə alınmır. Özü də bu tələb yalnız İslam icmalarına aiddir:

“Ötən dövrdə elə dini icmalar olmuşdu ki, məscid olmayan obyektlərdə, hətta qarajlarda belə qeydiyyatdan keçib. Neqativ halların baş verməməsi üçün icmanın ibadət evində fəaliyyət göstərməsi məqsədəuyğundur”.

Şahin Həsənli

"Məşhədi Dadaş" məscidinin İmam Camaatı Hacı Şahin Həsənli Bakıdakı məscidlərin əksəriyyətinin keçmiş əsrə aid olduğunu deyir. Onun sözlərinə görə, bəzi yerlərdə normal ibadət üçün şərait olmur. Bu baxımdan, yeni məscidlərin tikilməsinə ehtiyac var:

“Bəzən cümə günlərində dindarlar küçədə ibadət edir. Amma ümumilikdə, gündəlik namazlarda mövcud məscidlərdə problem olmur. Bir çox rayon mərkəzilərində məscidlər işləyir və orada ibadət üçün normal şərait var”.

YER MƏHDUDİYYƏTİ OLMAMALIDIR

Dini icmaların məsciddə qeydiyyatı ilə bağlı tələbə gəlincə, Hacı Şahin Həsənli dindən sui-istifadə hallarının qarşısını almaq üçün dövlət tərəfindən nəzarəti normal qarışlayır:

“Lakin Konstitusiyaya görə, hər bir vətəndaş öz etiqadını təbliğ edə bilər. Bunun üçün yer məhdudiyyəti qoyulmamalıdır. Hazırda dini icmaların sayının artması heç də dinə olan marağa adekvat deyil”.

Dini Etiqad və Vicdan Azadlığının Müdafiəsi Mərkəzinin rəhbəri Hacı İlqar İbrahimoğlu isə bütün dünyada dini icmalara QHT statusu ilə yanaşılır:

“İndi islam dini icmaları üçün üçqat qeydiyyat var – həm komitə, həm Qafqaz Müsəlmanları İdarəsi, həm də icra hakimiyyətindən keçmək lazımdır. Bütün dünyada bu prosesin şəffaf olması dövlətin xeyrinədir. Dünyada hər bir vətəndaş bir neçə strukturun fəalıdır. Bizdə isə heç 50-100 inanclıya bir icma düşmür”.

1000 MƏSCİDƏ EHTİYAC VAR

Hacı İlqar deyir ki, indi 3 milyonluq Bakıda məhəllə və kiçik hüseyniyyələrlə yanaşı, 1000 fəaiyyətdə olan məscidə ehtiyac var.

Analitik Elxan Şahinoğlu hesab edir ki, məscidləri qapatmaqla dövlət dini məsələləri nizamlamaqdan daha çox, qarışıqlıq yaradır. Qanunun getdikcə qəlizləşdirilməsi mövcud problemləri daha da dərinləşdirə bilər.

BƏLƏDİYYƏLƏR HEÇ NƏYİ DƏYİŞMƏYƏCƏK

Məscidlərin bələdiyyə balansına verilməsi ilə bağlı təklifə gəlincə, veriliş iştirakçıları bunun nəyisə dəyişdirəcəyinə əmin olmadıqlarını bildirdilər.

Qeyd edək ki, son 8 ildə Azərbaycanda 117 məscid, 1 kilsə və 1 sinaqoq inşa olunub, onlarla məscid, eləcə də 4 kilsə, 2 sinaqoq əsaslı təmir edilib. Dövlət qeydiyyatından keçmiş dini icmaların ayı 571-ə çatıb. Həmin icmalardan 551-i İslam, 20-si isə qeyri-islam təmayüllüdür.

Siz necə hesab edirsiniz, Azərbaycanda məscidlərin sayı dindar əhali üçün kifayət edirmi?

Verilişi burdan dinləyə bilərsiniz :