Suriya rejimi sülh planına əməl eləmir

Bu gündən etibarən Annan planına görə, Suriya rejimi qoşunlarını şəhərlərdən çıxarılmalı olsa da, buna əməl olunmayıb. Hökumət Homs və Hama şəhərlərini yenə də atəşə tutub, ölkənin şimal-şərqində isə naməlum yaraqlı altı əsgəri öldürüb.

Moskvada olan Suriyanın Xarici İşlər naziri Walid Muallem deyib ki, bəzi hərbi hissələr bəzi şəhərlərdən çıxarılıb, və həbsdəkilərin də bir hissəsi azad olunub.

Rusiya Xarici İşlər naziri Sergei Lavrov isə bildirib ki, Suriya razılaşdırılan sülh planının icrasında daha “qərarlı” ola bilərdi.

BMT və Ərəb Liqasının xüsusi vasitəçisi olan Kofi Annan-ın planına əsasən aprelin 10-dan Suriya qoşunları yaşayış məntəqələrindən çıxarılması və aprelin 12-dən tam atəşkəs rejimi qüvəyə minməli idi. Ancaq Bashar Assad rejimi Bazar ertəsi plana əməl etmək üçün əlavə şərtlər irəli sürüb.