Alimlərə indiyə qədər 2,5 milyon manatdan artıq vəsait ayrılıb

«Yalnız təhsil sistemində çalışan alimlərə indiyə qədər 2,5 milyon manatdan artıq vəsait ayrılıb».

Bu fikirləri Prezident Yanında Elmin İnkişafı Fondunun rəhbəri Elçin Babayev aprelin 12-də «Hilton» otelində keçirilən tədbirdə deyib.

O, bildirib ki, Elmin İnkişafı Fondunun illik büdcəsi 6.5 milyon manatdır, bu təhsil müəssisələri üçün kifayət qədər çox vəsaitdir.

Elçin Babayevin sözlərinə görə, elm və təhsil müəssisələrindən indiyə qədər 151 alim qrant layihələrində iştirak edib. O deyib ki, təhsil sahəsində çalışanlar daha çox təşəbbüs göstərsələr onlara ayrılan vəsait daha çox ola bilər.

«Təhsil Nazirliyi gərək alimlərin daha keyfiyyətli layihələr verməsini təşkil etsin».

Fond rəhbəri 2012-ci ildə elmi tədqiqatların maddi-texniki təminatı ilə bağlı da layihələrin həyata keçiriləcəyini deyib.

Prezident Yanında Elmin İnkişafı Fondu 2009-cu ildə yaradılıb. Bir il sonra isə elm sahəsində həyata keçirilən layihələrə qrantlar ayırmağa başlayıb.