NATO rəsmisi: «Cənubi Qafqaz regionu İranla qonşu olması nöqteyi-nəzərindən mühümdür»

Azərbaycan və ABŞ hərbçiləri NATO-nun birgə hərbi təlimləri zamanı, 2009-cu il

«Cənubi Qafqaz ölkələri NATO üçün çox mühümdür. Alyans Azərbaycanla əlaqələrə çox mühüm əhəmiyyət verir, bu münasibətlər 20 ildir düzgün istiqamətdə inkişaf edir». APA-nın məlumatına görə, bu fikirləri Bakıda keçirilən konfransda çıxışı zamanı NATO mənzil-qərargahının nümayəndəsi Steffen Elgersma deyib.

O qeyd edib ki, Cənubi Qafqaz regionunda həlli uzadılmış münaqişələrin mövcudluğu bölgədə və onun hüdudlarından kənarda qeyri-stabil vəziyyət yaradır: «Bundan başqa region İranla qonşu olması nöqteyi-nəzərindən mühümdür. NATO Avropa təhlükəsizlik arxitekturasının mühüm hissəsidir. Biz ATƏT məkanında sülh və stabilliyin qorunması prinsipinə əməl olunmasında maraqlıyıq».

Azərbaycanla əməkdaşlıq məsələsinə toxunan Steffen Elgersma bildirib ki, NATO təhlükəsizlik məsələlərində şəffaflığın təmin olunmasına yönəlmiş islahatları dəstəkləyir:

«Bu istiqamətdə əməkdaşlıq İPAP çərçivəsində həyata keçirilir. İPAP-ın yeni mərhələsi Azərbaycanla növbəti iki ildə münasibətlərimizin əsaslarını müəyyənləşdirir. Buraya praktiki əməkdaşlıq daxildir, hansı ki biz Azərbaycanla bu əməkdaşlığı inkişaf etdirmək niyyətindəyik».

O qeyd edib ki, alyans Azərbaycanla müdafiə sahəsində islahatlar, minaların təmizlənməsi sahəsində əməkdaşlıq edir. O, Azərbaycanın Əfqanıstana hərbi yüklərin daşınması prosesinə verdiyi töhfəni xüsusi qeyd edib. Bununla əlaqədar Azərbaycan gələn həftə Brüsseldə keçiriləcək İSAF nazirlərinin toplantısında iştiraka dəvət olunub.

Steffen Elgersma NATO-nun Çikaqo sammitinə Azərbaycanın da dəvət olunacağını deyib.

Aprelin 13-də Bakıda «NATO-nun Çikaqo sammitinin əhəmiyyəti: Avroatlantik əməkdaşlıq üçün yeni imkanlar» mövzusunda konfrans işə başlayıb. Konfransda Azərbaycan Müdafiə Nazirliyinin nümayəndələri, parlamentin beynəlxalq münasibətlər və parlamentlərarası əlaqələr komitəsinin üzvləri, NATO Beynəlxalq Katibliyinin, Azərbaycan Prezidenti yanında Strateji Araşdırmalar Mərkəzinin, diplomatik korpusun təmsilçiləri iştirak edirlər.