Nilufər Muğantürk. Ağlamaqçün gecələri gözləməli olmursan

“Ədəbi Azadlıq-2012” Milli Müsabiqəsinin şeir 20-liyinə keçmiş yazarları daha yaxından tanıtmaqda davam edirik.

“Mən Nilufər Muğantürk - 1989-cu ildə anadan olmişam. Ədəbiyyata marağım həmişə böyük olub. “Şeir mənim içimdə bir məqsəd deyil, ehtirasdır” - E.A. Poe-nun bu fikri mənim şeirə münasibətimi tam izah edir. Uşaqlıqdan yazıram, amma tələbə olana qədər üzə çıxardıb heç kimə göstərməmişəm. Hətta, anama “Ədəbi Azadlıq”da iyirmiliyə düşəndən sonra oxutmuşam. Azərbaycan Universitetinin İngilis dili (Filologiya) fakultəsini bitirmişəm. Ara-sıra Universitetimizin qəzetində çap olunmuşam. İndiyə qədər heç bir müsabiqədə iştirak etməmişdim.”.


Nilufər Muğantürk

ŞEİRLƏR


Uşaq olanda...

Uşaq olanda hər şey,
daha rahat olur, dost.
Ağlamaqçün gecələri gözləməli,
gülməkçün bəhanə axtarmalı
olmursan...
Uşaq olanda hər şey
daha sadə olur, dost.
Danışanda düşünmürsən,
qalmaq istəyəndə ürəyini
qoyub getmirsən...
Uşaq olanda hər şey
daha çox olur, dost.
Ana, ata...
Nənə, baba: iki-iki...
Istədiklərin əllərin kimi
o qədər balaca ki, nə istəsən olur,
daha “YOX” nədir, bilmirsən...
Uşaq olanda hər şey
daha gözəl olur, dost.
Birini sevdinsə,
içində alışa-alışa
üzünə baxmadan yanından keçmirsən.
Gülümsəyib,
qucağına qaçırsan,
heç nə düşünmədən yanağından öpürsən.
Uşaq olanda hər şey
daha böyük olur, dost.
Gözündə insanlar, evlər...
Bir kəlməylə bütün dünya
gözündən düşmür.
Oynadığın hər həyət, hər küçə
sənin olur.
Ayağın hara başın ora...
Uşaq olanda hər şey
eynən belə olur, dost.
Kimsə xətrinə dəyəndə
gözlərin dolanda
başını sıxıb ananın sinəsinə
hönkür-hönkür ağlayırdınsa,
indi içini sulayırsan:
Sükut içində,
acı göz yaşlarıyla...


AXTARIŞDAYAM

Illərdir axtarışdayam!
Heç kim tapa bilmir məni...
Nə polis,
Nə ata, ana..

Əllərinin içindəcə itirildim,
gözlərinin önündəcə...
Susa-susa bağırırdım: “boğuluram”,
duymurdular...
Günəş qürub edər kimi saralırdım hər saniyə,
əriyirdim mən şam kimi damla-damla,
qətrə-qətrə,
hər dəqiqə,
görmürdülər...

Yavaş-yavaş itirildim...
Hər gün bir az,
bir az daha mən yox oldum...
Bir az
sübhün gözü açılanda...
Bir az
gündüz-günorta çağı,
bir az axşam tərəfi...
Bir az-bir az itirildim...

“Bir gün məni tapacaqlar!”
Damağında siqaretin, soyuqda gülümsəyəndə,
dodağını qaçıran o səbəbsiz təbəssümdə...
Hər tərəf bəyaz olanda, qarlı qışda...
Gözlərini par-par yanan işığında...
Bədəninin sol yanında,
ürəyinin ortasında...

EŞQ

Artıq oda düşdüyümə şübhəm yox!
Işimdə qalanan atəşin gücü
gözlərimdən bəlli...
Söndürməyə çalışdıqca göz yaşlarımla,
bu atəşin alovunu,
içimi daha da yandırıb yaxır...

Ətrafımda hər şey qarma-qarışıq,
ürəyim parçalanır,
dünyam dağılır...
Daha susa bilmirəm bağışla.
Artıq xoşbəxtəm.
Xoşbəxtəm.