Qobustanda kommunal ödənişlərin mənimsənildiyi deyilir

Qobustan poçt filialında kommunal xidmətlər üçün edilən ödənişlərin mənimsənilməsi ittihamı ilə cinayət işi açılıb.

Baş Prokurorluğun aprelin 25-də yaydığı məlumatda deyilir ki, «Azərpoçt» MMC-dən Korrupsiyaya qarşı Mübarizə İdarəsinə vəzifəli şəxslərin qanunsuz hərəkətləri barəsində məlumat daxil olub:

«Müəyyən edilib ki, «Azərpoçt»un daxili audit şöbəsi Qobustan Poçt Filialında 13 min manatın filialın xəzinəsinə mədaxil olunmadığını aşkarlayıb».

Bu, 2011-ci il aprelin 1-dən avqustun 1-ə qədər olan dövr ərzində vətəndaşların kommunal xidmətlər (telefon, elektrik enerjisi, su, qaz və s.) üçün ödədiyi vəsaitdir.

Baş Prokurorluq bildirir ki, faktla əlaqədar Cinayət Məcəlləsinin 179.2.3 (mənimsəmə və ya israf etmə) və 308.1-ci (vəzifə səlahiyyətlərindən sui-istifadə etmə) maddələri ilə cinayət işi başlanıb.