Məşhur tarixi roman - latın qrafikasında!

Fərman Kərimzadə Azərbaycanda tarixi roman janrının ən görkəmli nümayəndələrindən sayılır.

Onun hələ sovet dövründə çox populyar olan “Xudafərin körpüsü” romanında XV əsrin axırı, XVI əsrin əvvəllərində baş vermiş tarixi hadisələr, Şah İsmayıl Xətainin uşaqlıq və gənclik illəri, hakimiyyət uğrundakı mübarizəsi qələmə alınıb.

Kitabı latın qrafikasında "Qanun" nəşriyyatı çap edib.

Romanda Şah İsmayıl Xətainin bir şair, sərkərdə və dövlət xadimi kimi yetişib formalaşdığı tarixi şərait təsvir edilib.

Uzun Həsən, Sara Xatun, Hüseyn Lələ bəy, Əbih Sultan kimi tarixi şəxsiyyətlərin yadda-qalan obrazları yaradılıb.

Kitab təxminən 500 səhifədir.

Qiyməti 8 manatdır.

Fərman Kərimzadə 1937-ci il martın 3-də Ermənistanın Vedi rayonunun Böyük Vedi kəndində anadan olub.

Əzim Əzimzadə adına Azərbaycan Dövlət Rəssamlıq məktəbində təhsil alıb. (1955-1960).

Moskvada Ümumittifaq Kinematoqrafiya İnstitutunun ssenari fakültəsinin ikinci kursunu bitirib.

Azərbaycan Dövlət Televiziya və Radio Verilişləri Komitəsində tərcüməçi, böyük redaktor, "Abşeron", "Ədəbiyyat və incəsənət" qəzetlərinin redaksiyasında şöbə müdiri, ədəbi işçi (1966–1970), C. Cabbarlı adına "Azərbaycanfilm" kinostudiyasında kollegiya üzvü (1970-1977), "Ədəbiyyat və incəsənət" qəzetinin xüsusi müxbiri (1977-1980) olmuşdur. Şüvəlan yaradıcılıq evinin direktoru (1980-1981) işləyib.
.
F.Kərimzadə "Çaldıran döyüşü", "Xudafərin körpüsü" tarixi əsərlərinin, "Təbriz namusu", "Qoca qartalın ölümü" və sair əsərlərin müəllifidir.

1989-cu il mart ayinin 17-də vəfat edib.