Afaq Bəşirqızı... Kimyagər olacaq!

Afaq Bəşirqızı

Musiqili Komediya Teatrı öz pərəstişkarlarını may və iyun aylarında iki yeni tamaşa ilə sevindirəcək.

Xəbəri Dövlət Musiqili Komediya Teatrının mətbuat xidməti AzadlıqRadiosuna verib.

Mayın 21-də Gənc Tamaşaçılar Teatrında «www.ferzeli-keyf.com» (E.Sabitoğlu, C.Məmmədov), iyunun 8-də Akademik Milli Dram Teatrında «Kimyagər» (M.F.Axundov, S.Kərimi, libretto müəllifi Əjdər ol) əsərləri göstəriləcək.

Birinci komediyanın quruluşçu rejissoru Əhəd Hacıyev, əsas rolların ifaçıları isə xalq artistləri İlham Namiq Kamal, Fatma Mahmudova, tanınmış komediya ustaları Novruz Qartal, Çingiz Əhmədov və başqalarıdır.

«Kimyagər» tamaşası isə M. F. Axundovun 200 illik yubileyinə teatrın hədiyyəsidir. Tamaşa Mədəniyyət və Turizm Nazirliyinin sifarişi ilə hazırlanır. Tamaşanın quruluşçu rejissoru əməkdar incəsənət xadimi Bəhram Osmanov, bəstəkarı Səyavuş Kərimi, rəssamları Sevinc Məmmədova və Novruz Məmmədovdur.

Xəbərdə deyilir ki, tamaşada xalq artisti, sevimli gülüş ustası Afaq Bəşirqızı Kimyagər rolunda çıxış edəcək. Yeni fərqli ifa yəqin ki, Afaq xanımın sənətini sevənlər üçün sürpriz olacaq.

Tamaşaçılar bu əsərdə əməkdar artist Əkbər Əlizadəni, tanınmış aktyorlar Novruz Qartal, Ələkbər Əliyev, Əzizağa Əzizov, Əliməmməd Novruzov, Ağaxan Şərifov, Məhərrəm Qurbanov, Möylə Mirzəliyev, Ziyadxan Cəbrayılov, Hüseyn Əlili, Fərid Rzayev, Elçin İmanov və başqalarını görə biləcəklər.

Xəbərdə bildirilir ki, mövsümün sonuna kimi teatrın rus bölməsi əməkdar incəsənət xadimi Əsgər Əsgərovun quruluşunda «Skapenin kələkləri» (J.B.Molyer) tamaşasını təqdim edəcək.

ƏLİQİSMƏT LALAYEV «YAXŞILARIN YAXŞISI» OLDU

Mayın 7-də Azərbaycan Dövlət Mahnı Teatrında «Yaxşıların yaxşısı» Milli Mükafatının təqdimat mərasimi keçirilib.

Milli teatr sənəti sahəsindəki uğurlarına görə Azərbaycan Dövlət Musiqili Komediya Teatrının direktoru, əməkdar incəsənət xadimi Əliqismət Lalayev «Yaxşıların yaxşısı» Milli Mükafatına layiq görülüb.

Bu mükafata ölkənin tanınmış siyasətçiləri, millət vəkilləri, incəsənət xadimləri layiq görülür.

Xəbərdə vurğulanır ki, 2012-ci il teatr üçün çox uğurlu olub.

Teatr mart ayında Mədəniyyət və Turizm Nazirliyinin «Zirvə» mükafatına layiq görülüb.


SANKT-PETERBURQDA «RUSSIAN MUSICAL THEATER NOW» FESTİVALI KEÇİRİLƏCƏK

Mayın 10-14-də Sankt-Peterburqda Musiqili Teatrların Beynəlxalq Assosiyasiası, Sankt-Peterburq Dövlət Musiqili Kamera Teatrı və Beynəlxalq Teatr İnstitutunun Rusiya Milli Mərkəzi ilə birlikdə «Russian musical theater NOW» adlı Beynəlxalq konfrans keçirəcək.

Dünya teatr məkanının tanınmış simalarının iştirak edəcəyi bu tədbirə Azərbaycandan Dövlət Musiqili Komediya Teatrının direktoru Əliqismət Lalayev dəvət olunub.

Azərbaycan Dövlət Musiqili Komediya Teatrının xarici dövlətlərə qastrolları, Assosiasiyaya daxil olan teatrlarla qarşılıqlı yaradıcılıq əlaqələri və dünya teatrlarının aparıcı sənət ustalarının Bakıya dəvət edilməsi məsələləri də müzakirə ediləcək.