Müşviqabadda məcburi köçkünlər üçün 20 bina tikilir

Bakı şəhərinin Qaradağ rayonunun Müşviqabad qəsəbəsində məcburi köçkünlər üçün beşmərtəbəli 20 yaşayış binası tikilir.

Bu barədə APA-ya Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsindən məlumat verilib.

Məcburi köçkünlər üçün 22 hektar ərazidə inşa olunan şəhərcikdə 1440 ailə məskunlaşdırılacaq.

Məhəllədə 1296 yerlik məktəb, 140 çarpayılıq uşaq bağçası, kitabxana, klub, təcili yardım stansiyası, yanğın deposu, poçt binası da tikiləcək. Qaz, su, elektrik, mərkəzləşdirilmiş istilik sistemi ilə tam təchiz olunacaq.

Ötən həftənin sonunda şəhərcikdə işlərlə tanış olan komitə sədri, baş nazirin müavini Əli Həsənov tikinti işlərini aparan şirkətlərin rəhbərləri ilə görüşərək tapşırıqlar verib.