«QAR» romanı Azərbaycan dilində

Orxan Pamukun «QAR» romanı

Nobel Mükafatçısı Orxan Pamukun daha bir kitabını «Qanun» nəşriyyatı Azərbaycan dilində nəşr etdi. Kitab mayın 25-dən kitab dükanlarında olacaq.

512 səhifəlik kitabı Azərbaycan dilinə Sevinc Səfərova uyğunlaşdırıb. Redaktoru Elçin Məliklidir.

Orxan Pamuk «QAR» romanında Türkiyənin şərqində islam təməlçiliyi və qərbləşmə cərəyanlarının necə üz-üzə gəldiyini, insan talelərində necə ağır yaralar açdığını göstərib. 2005-cü ildə ingilis dilinə çevrilən bu əsər ABŞ-da ilin on ən mühüm bədii nailiyyətləri sırasında özünə yer almışdı.

On iki ildir Almaniyada sürgün həyatı yaşayan şair Ka Türkiyəyə qayıdandan dörd gün sonra bir reportaj üçün Qars şəhərinə gedər. Ağır-ağır, həzin-həzin yağan qarın altında bu şəhəri qarış-qarış gəzərək Qars sakinləriylə yaxından tanış olur. Qarsda ağzına qədər işsizlərlə dolu çayxanalar, qastrola gələn səyyah teatr qrupu, intihar edən, hicab müqaviməti göstərən qızlar, müxtəlif siyasi qruplar, şayiələr, «Qarpalas» otelinin sahibkarı Turqut bəylə qızları İpəklə Qədifə və eyni zamanda Ka üçün bir sevgi, xoşbəxtlik ümidi var.