Barack Obama İlham Əliyevi və Azərbaycan xalqını təbrik edib

Azərbaycan və ABŞ prezidentlərinin görüşü. 24 sentyabr 2010

ABŞ prezidenti Barack Obama Bakıda «XIX Beynəlxalq Xəzər neft, qaz, neftayırma, neft kimyası» sərgisi və konfransının açılışı münasibətilə Azərbaycanlı həmkarı İlham Əliyevi və xalqı təbrik edib.

Obamanın göndərdiyi məktubda deyilir ki, ölkələr arasında diplomatik münasibətlərin iyirminci ildönümünün qeyd edildiyi ötən il Azərbaycan üçün mühüm il olub:

«Çünki həmin il ərzində ölkənizin beynəlxalq siyasi, təhlükəsizlik və iqtisadi işlərdə iştirakı artdı. Qazın satışı və tranzitinə dair Azərbaycan ilə Türkiyə arasında saziş Azərbaycan qazının Avropa bazarlarına çıxarılmasına yol açır və Avropanın enerji təhlükəsizliyində mühüm rol oynaması üçün zəmin yaradır. Eyni zamanda, Azərbaycan BMT-nin Təhlükəsizlik Şurasının üzvü seçilmişdir və Əfqanıstanda sülhün və təhlükəsizliyin qurulması istiqamətində göstərilən səylərə mühüm dəstəyini davam etdirir».

ABŞ prezidentinin məktubunda yazılıb ki, onlar «Şahdəniz» qaz layihəsinin reallaşmasından müsbət dəyişikliklər gözləylər və Azərbaycan hökuməti, eləcə də onun tərəfdaşları ilə birgə «Şahdəniz» qazının Avropaya nəqli marşrutunu seçirlər:

«Azərbaycan «Cənub» qaz dəhlizi vasitəsilə Avropa ilə əlaqələrini möhkəmləndirməklə, müasir şaxələndirilmiş iqtisadiyyatın inkişafını təmin etməklə, dünya miqyasında daha mühüm öhdəlikləri üzərinə götürməklə, biz artıq güclü olan tərəfdaşlığımızı irəliyə doğru aparacağıq».

Obama qeyd edib ki, enerji təchizatının şaxələndirilməsi və təhlükəsizliyinə, eləcə də regional sabitliyə nail olmaq kimi ümumi məqsədləri təşviq edəcək Birləşmiş Ştatlar ilə Azərbaycan arasında davamlı əməkdaşlığını arzulayır.