Məmurların otlaq sahələri, radikal müxalifətin rəngləri…

Mətbuat icmalı

«Exo» qəzeti yazır ki, İsrail polisi «qara transplantasiya» əməliyyatında Azərbaycanın iştirakını təkzib edib.

Bunu «Exo» qəzetinə müsahibəsində İsrail polisinin rəsmi nümayəndəsi Alex Kagalski deyib. Bu baxımdan qəzet hesab edir ki, bir müddət əvvəl Azərbaycanda qanunsuz orqan əməliyyatı haqda məlumatlar dezinformasiya imiş.

«Yeni Müsavat» qəzeti Daşkəsən rayonundan Moskvaya qoyun-quzu daşındığını yazır:

«Məmurlar rayonun otlaq sahələrini ələ keçiriblər. Hətta rayon rəhbərliyi də narahatlığını dilə gətirib aidiyyəti qurumlara müraciət də edib. Daşkəsənliləri ümidləndirən isə ucqar Kollu, Çıraqlı, Astafa, Zəyli və Çovdar kəndlərinə yol çəkilişinin başlanmasıdır».

«Azərbaycan» qəzeti «Qayıdışdan başlanan qurtuluş»dan yazır:

«Ulu öndər Heydər Əliyevin 1993-cü il iyunun 9-da Naxçıvandan Bakıya gəlişi ilə Azərbaycanın xilasının və əsl müstəqilliyinin təməli qoyuldu».

Məqalədə deyilir ki, «AXC-Müsavat cütlüyünün Heydər Əliyevi Naxçıvandan acizanə şəkildə Bakıya dəvət etməsi həm də xalqın təkidli tələbi ilə bağlı idi».

«Yeni Azərbaycan» qəzeti «Azərbaycanın radikal müxalifətinin cildləri və rəngləri»ndən yazır. Qəzetə görə, «vaxtilə qızılgülə bürünən, sonra narıncı şərfə sarınan, gah başına molla papağı qoyan, gah da ərəb paltarı geyən radikal düşərgədə kim nə edirsə, harada nə görürsə, o dəqiqə özünə tətbiqə başlayır».

«Bizim yol» qəzeti «İcra hakimiyyətləri orqanları haqqında» əsasnaməni şərh edir. Qəzet yazır bununla «prezident hakimiyyəti daha da gücləndi».

Qəzetə görə, «başçılar qarşıdan gələn seçkilərə... başları ilə cavabdehdirlər».