Suriyada uşaqlardan canlı qalxan kimi istifadə olunur

Suriya qoşunları uşaqlardan canlı qalxan kimi istifadə edir. Onları həbs edir, işgəncə verir. Bu haqda BMT-nin bu gün yaydığı hesabatında məlumat verilir.

Hüquq müdafiəçilərinin məlumatına görə, keçən il martından Suriyada 1200 uşaq həlak olub. Bu il martın 9-da İdlib əyalətindəki Aynel-Aruz kəndi darmadağın olub. Hökumət qoşunları kəndi mühasirəyə alıb. Kənd dörd gün mühasirədə qalıb. Uşaqlardan isə canlı qalxan kimi istifadə edib.

BMT-nin silahlı münaqişələrdən əziyyət çəkən uşaqların işi üzrə nümayəndəsi Radhika Coomaraswamy bildirib ki, “uşaqlara işgəncə verilməsi ilə bağlı şahid ifadələri var. Bundan başqa tankların atəş açmaması üçün onlardan qalxan kimi istifadə olunması haqqında da uşaqların ifadələri var”.
Radhika Coomaraswamy Suriyada silahlı müxalifətin uşaqlardan əsasən sanitar kimi istifadə etdiyini də bildirib. Hesabatda bildirilir ki, bəzi uşaqlar gözləri bağlı elektrik kabelləri ilə döyülüb, siqaretlə yandırılmaqla qorxudulub, sorğu-sual zamanı elektroşoka məruz qalıb.


BMT-nin baş katibi Ban ki-Moon hesabatla bağlı bildirib ki, “bu, uşaqlara qarşı törədilən ciddi cinayətlərin sübutlarıdır”. Ban ki-Moon BMT müşahidəçilərini Latakiya əyalətinin Haffa şəhərinə buraxılmasını da tələb edib. BMT bu şəhərdə kütləvi qətllər törədiləcəyindən narahatdır.