«Qoca kloun» cavan rejissor üçün oynandı

Gənc Tamaşaçılar Teatrı

Azərbaycan Dövlət Gənc Tamaşaçılar Teatrında yeni benefis – tamaşanın nümayişi gerçəkləşib.

Görkəmli rumın dramaturqu Mate Vişnekin «Qoca kloun tələb olunur» əsəri əsasında hazırlanan «Qoca kloun» tamaşası rejissor və aktyor Nicat Kazımovun 40 illik yubileyi və səhnə fəaliyyətinin 21 illiyinə həsr olunub.

Bu xəbəri teatrın mətbuat xidmətindən veriblər.

«Teatrlarda doğum günləri bir qədər fərqli şəkildə qeyd olunur. Bugünkü doğum günündə də həmin fərqlilik qorunub. Uzun-uzadı çıxışlar və təbriklər əvəzinə siz tamaşaçılara Nicat Kazımov və onun aktyor yoldaşlarının hazırladıqları və Azərbaycan teatrında ilk dəfə gerçəkləşdirilən görkəmli rumın dramaturqu Mate Vişnekin «Qoca kloun tələb olunur» pyesinin səhnə həlli təqdim olunacaq».

Bu sözləri tamaşanı giriş sözü ilə açan teatrın direktoru, əməkdar artist Mübariz Həmidov söyləyib.

Xatırladaq ki, tamaşanın müəllifi Nicat Kazımovdur. Yubilyar eyni zamanda bu tamaşada əsas obrazlardan birini ifa edir. Onunla bərabər digər rollarda aktyorlar Vüsal Mehrəliyev, Manaf Dadaşov, İlham Əsədov Elnur Kərimov oynayırlar.

İki hissəli tragikomediya 30 illik ayrılıqdan sonra rastlaşan 3 «dost» klounun yaşam tərzini, faciəli talelərini əks etdirir.

Benefis-tamaşadan sonra Nicat Kazımov Azərbaycan Milli teatr sənəti sahəsindəki uzun illik səmərəli fəaliyyəti və anadan olmasının 40 illiyi münasibətilə fəxri diplomla mükafatlandırılıb.