Evləri yanan köçkünlər yeni şəhərcikdə məskunlaşıb

Arxiv foto

Evləri yanan məcburi köçkünlərin hamısı Binəqədi rayonu ərazisində yeni salınmış şəhərcikdə yerləşdirilib.

Bu barədə AzadlıqRadiosuna yanğından zərərçəkən Ağdam sakini Taleh Fərzəliyev məlumat verib. Onun sözlərinə görə, ailələr 7 mərtəbəli iki bloklu binalarda yerləşdirilib.

«Binəqədi ilə Novxanı arasında yeni tikilmiş evlərdir. Bizi «Qaçqınkom»un, Fövqəladə Hallar Nazirliyinin nümayəndələri və polislər evlərə yerləşdirdilər. Biz iki otaqlı mənzildəyik. Ailə üzvlərinin sayı çox olanlara 3-4 otaqlı evlər verilib. Dedilər ki, öz eviniz kimi girin yaşayın. Bundan sonra harasa köçürüləcəyimiz barədə bir söz deyilmədi. İki gecədir yeni evlərdə qalırıq».

İyunun 13-də Bakıda Binəqədi rayonunda, Təcili Tibbi Yardıma məxsus 1997-ci ildən məcburi köçkünlərin məskunlaşdıqları doqquzmərtəbəli yarımçıq binada yanğın olub. 6-cı mərtəbədən başlayıb və 9-cu mərtəbəyə qədər davam edib.

Yanğında insan tələfatı olmasa da 30-dan çox ailə evsiz qalıb.

Zərərçəkən məcburi köçkünlərin mənzillə bağlı problemləri həll olunsa da həmin binada yaşayan digər sakinlər hələ də evlə təmin olunmayıblar.