Ermənistanda əsirlikdə olan azərbaycanlı çavuş üçüncü ölkəyə verilib

Ermənistanda əsirlikdə olan Azərbaycan ordusunun kiçik çavuşu Məmmədbağır Axundzadə üçüncü ölkəyə təhvil verilib.

Bu barədə Ermənistan mətbuatı informasiya yayıb.

Azərbaycanın Əsir və itkin düşmüş, girov götürülmüş vətəndaşlarla əlaqədar Dövlət Komissiyasının İşçi qrupunun rəhbəri Firudin Sadıqov APA-ya faktı təsdiqləyib. O deyib ki, bununla bağlı Azərbaycan tərəfinə rəsmi məlumat verilib:

«O, əsir düşmüşdü, öz ölkəsindən imtina etdi, başqa ölkəni seçdi».

Əsirin atası Talıb Axundzadə isə APA-ya bu barədə məlumatsız olduğunu deyib:

«Oğlumun sonuncu məktubunu bir neçə gün əvvəl gətiriblər. Amma biz hələ də o məktubu ala bilməmişik».

Azərbaycan Ordusunun kiçik çavuşu, 1990-cı il təvəllüdlü Məmmədbağır Axundzadə bu ilin yanvarında Tərtər rayonunun Yuxarı Çaylı kəndi yaxınlığında əsir götürülüb.