Fəzail Ağamalı: «Bu gün əldə edilən uğurlar məhz iyunun 15-nə söykənir»

Fəzail Ağamalı

1993-cü il iyunun 15-də Heydər Əliyev Azərbaycan parlamentinin sədri seçilib. Həmin tarix onun Azərbaycanda ikinci dəfə hakimiyyətə gəlişi kimi dəyərləndirilir.

Hazırda Azərbaycanda 15 iyun Milli Qurtuluş Günü kimi qeyd olunur və rəsmi istirahət günü sayılır.

Bu tarixlə əlaqədar iqtidaryönlü Ana Vətən Partiyasının sədri, deputat Fəzail Ağamalı ilə söhbət təqdim edirik.

- Fəzail bəy, həmin gün kimdən və ya nədən qurtuluş baş verib?

- Çağdaş Azərbaycanın müstəqilliyi və dövlətçiliyi tarixində 15 iyun çox mühüm yer tutur. 1990-cı illərin əvvəllərində Azərbaycan öz müstəqilliyini əldə etsə də, ölkədə çox ağır siyasi proseslər gedirdi. Xalqın təkidi ilə Ayaz Mütəllibov hakimiyyətdən getdikdən sonra AXC-Müsavat cütlüyü ölkəni idarəolunmaz bir vəziyyətə saldılar. Səriştəsizlik, təcrübənin olmaması Azərbaycanda hərbi, siyasi və iqtisadi böhran yaradıb getdikcə onu dərinləşdirdi. Belə bir vəziyyətdə Azərbaycanın unitar dövlətçiliyi üçün də ciddi təhlükə yarandı. Şimalda «sadvalçılar», cənubda Əlikram Hümbətovun dəstəsi Azərbaycanı faktiki olaraq parçalanmaq həddinə çatdırmışdı. Bütün bunlar Ermənistanın Azərbaycana təcavüzünün geniş miqyas aldığı ərəfədə baş verirdi. Belə bir zaman kəsiyində Azərbaycana düşmən kəsilən Rusiya və İran ölkədə siyasi hakimiyyətə Moskvanın iradəsini ifadə edən bir adamın gəlməsini arzulayırdılar. Həmin çətin anda xarici qüvvələr, Rusiyanın kəşfiyyatı AXC hakimiyyətinin qeyri peşəkarlığı nəticəsində ərsəyə gəlib böyük səlahiyyət almış Surət Hüseynovu hərəkətə gətirdilər. Gəncədə qiyam başladı. Ölkənin parçalanması artıq reallığa çevrilmişdi. Belə bir zamanda Azərbaycan xalqı müdrik bir addım atıb Heydər Əliyevin Naxçıvandan Bakıya dəvət edilməsi tələbini qoydu. Yeri gəlmişkən, həmin tələbin ən ciddi tərəfdarlarından biri də bizim partiya idi (AVP). Hətta Əbülfəz Elçibəylə görüşüb bu tələbi biz də onun qarşısında qoyduq. Əbülfəz Elçibəy yaranmış situasiyanın ağırlığını dərk edib Heydər Əliyevi Azərbaycanda siyasi hakimiyyətə dəvət etdi. Beləliklə də parlament daxilində İsa Qəmbərlə Tamerlan Qarayevin öndə getdiyi ciddi müqavimətə baxmayaraq, Heydər Əliyev sədr seçildi. Beləliklə də 1993-cü ilin 15 iyunundan xilas mərhələsi başladı. Heydər Əliyev Surət Hüseynovu Baş nazir vəzifəsinə gətirməklə neytrallaşdırdı. Eyni zamanda o, şimalda «Sadval»ın fəaliyyətini dondura və Lənkəranda «Talış Muğan Respublikası» deyilən avantüranı aradan qaldıra bildi. Bundan sonra Heydər Əliyev Surət Hüseynovun və onun Ardınca da OMON-çuların qiyamını yatırtmalı oldu. Bütün bunlardan sonra Ermənistanın hücumlarının qarşısı alındı, Horadiz və Beyləqan istiqamətində. Atəşkəs elan olundu. Ardınca isə neft müqavilələri, konstitusiyanın qəbul olunması, parlament seçkilərinin keçirilməsi və digər bu kimi addımlarla Azərbaycan hüquqi dünyəvi dövlətin qurulması yoluna qədəm qoydu. Beləliklə də bu gün əldə edilən uğurlar məhz iyun ayının

Əbülfəz Elçibəy və Heydər Əliyev, 1992

​15-nə söykənir...

- Məhz Heydər Əliyevin hakimiyyəti zamanı daha böyük ərazilərin-yəni 7 rayonun işğal edildiyi, onun hakimiyyətə gəlməsinin qurtuluş yox, daha böyük parçalanmalara səbəb olduğunu deyənlər də var.

- Bəli, Heydər Əliyev 1993-cü il iyunun 15-də parlamentə sədr seçiləndən 3 gün sonra Elçibəy Kələkiyə getdi. Onun Bakıya qayıdıb prezident olaraq səlahiyyətlərini davam etdirməsi üçün xüsusi nümayəndə heyəti göndərildi, lakin o, gəlmədi. Əbülfəz Elçibəy Kələkiyə gedəndən sonra onun vəzifəyə qoymuş olduğu nazirləri, səlahiyyətli şəxslərin hamısı fəaliyyətlərini dondurdular və onlara tabe olan qoşun dəstələri də cəbhədən geri çağırıldı. Heydər Əliyev faktiki olaraq Rusiya yanında olan Ermənistan qoşunu qarşısında tək dayandı. O nə edə bilərdi? Təsadüfi deyil ki, Azərbaycan özünə gələnədək torpaqların xeyli hissəsi -7 rayon da işğal edildi. Ermənilər o rayonlara çox asanlıqla girdilər. Çünki AXC qoşunları çəkmişdi və orada qalıb döyüşən yerli özünümüdafiə qüvvələri idi.

- İddialar var ki, Heydər Əliyev hakimiyyətə gələn kimi 30-dan çox müdafiə batalyonunu ləğv edib. Ona görə də cəbhədə belə vəziyyət yaranıb...

- Məndə belə məlumat yoxdur. O qüvvələr ki, təxribatla məşğul olurdular, silahlarını evlərində gizlətmişdilər, döyüşə getmirdilər, ancaq adları bu və ya digər rəsmi siyahılarda var idi, onlar yəqin ki, ləğv olunub. Lakin Ermənistan qoşunları ilə üz-üzə dayanan heç bir hərbi birləşmə, heç bir batalyon buraxılmayıb. Bu cür yanaşmanın özü də Çağdaş Azərbaycan tarixinin saxtalaşdırılması, düzgün olmayan qeyri-obyektiv yanaşmadır.

- Dediniz Əbülfəz Elçibəyin tərəfdarları qoşunları cəbhədən geri çağırmışdı. Belə idisə, bunun qarşısını birlikdə almaq üçün torpaqların naminə, məmləkət adına Elçibəylə hansısa anlaşmaya getmək olmazdımı?

- Mən 1994-cü ilin oktyabrında Naxçıvana toya getmişdim. Oradan Kələkiyə gedib Əbülfəz Elçibəylə də görüşdüm. Çalışdım ki, bütün bunlara aydınlıq gətirim. O mənə dedi ki, bizim aramızda müəyyən danışıqlar olmuşdu və o danışıqlar sonrakı proseslərdə yerinə yetirilmədi. Dedim «nə idi o danışıqlar?». Dedi «var idi də». Mən söylədim ki, əgər o danışıqların gedişində, o proseslərdə Siz bir siyasətçi kimi başqa bir siyasətçiyə uduzmusunuzsa, Azərbaycanı sevdiyiniz üçün bunu mərdi mərdanə etiraf edib, gəlib Bakıda oturub müxalifətçilik edə bilərsiniz.

Əbülfəz Elçibəyin andiçmə mərasimi, 1992

​O da söylədi ki, «mənim öz prinsiplərim var və o prinsiplər pozulduğuna görə ora qayıtmayacam, Kələkidə fəaliyyətimi davam etdirməliyəm». Halbuki, heç bir şəxsi prinsip Azərbaycan xalqının mənafeyi və maraqlarından üstün ola bilməzdi. Nəhayət, özüm üçün dəqiqləşdirdim ki, həmin vaxt Əbülfəz Elçibəy sonradan Türkiyənin Baş naziri Tansu Çiller’in, səfir Altan Karamanoğlu’nun, Rövşən Cavadovun iştirakçısı olduqları 1995-ci ilin mart hadisələrini gözləyirdi. Məncə, Elçibəy Türkiyənin vasitəsilə yenidən hakimiyyətə gələcəyini güman etdiyindən, 1995-ci ilə qədər Kələkidə oturmuşdu ( Əbülfəz Elçibəy Kələkidən Bakıya 1997-ci ildə dönüb-Azadlıq Radiosu). Doğrudan da Rövşən Cavadov hadisələrinin arxasında birmənalı olaraq Türkiyə dayanırdı. Niyyət də Heydər Əliyevi devirib Əbülfəz Elçibəyi hakimiyyətə gətirmək idi. Necə ki, Moskva Ayaz Mütəllibovu yenidən hakimiyyətə gətirməyə çalışırdı.

-1993-cü ilin 15 iyunundan sonra Azərbaycanda rüşvətin, korrupsiyanın, mülkiyyət hüququnun pozulmasının geniş miqyas aldığını söyləyir və əslində ölkənin indi qurtulmağa daha çox ehtiyacı olduğunu bildirirlər.

- Bunu deyənlər sadəcə AXC hakimiyyəti dövründə vəzifədə olanlar və onların tərəfdarlarıdır. O dövrdə bütün hər yerdə korrupsiya, rüşvətxorluq çox açıq şəkil almışdı. Adlarını çəkib bu məsələləri bir daha mübahisə predmetinə çevirmək istəmirəm. Azərbaycanın nefti, şərabı, anbarlarda olan məhsulları «filankəsin vaqonu», «filankəsin qatarı» adı ilə Rusiyaya gedirdi. Ölkənin misi, alüminiumu İrana, Türkiyəyə daşınırdı. Həmin dövrdə hərəkatda iştirak edən adamlar dururdu bunun başında. 1993-cü ilin yanvarın 19-da «Azadlıq» meydanında 20 Yanvar faciəsi ilə bağlı keçirilən mitinqdə mən bu sözləri onların üzünə də söylədim. Dedim siz xalqın etimadını itirdiniz. Hətta Əbülfəz Elçibəy özü də AXC-nin qurultayında deyib ki, «rus tankının qabağında dayanmağı bacaran cəbhəçilər, pulun qarşısında təslim oldular». Bu gün də Azərbaycanda korrupsiya, rüşvətxorluq var və bunu heç kim inkar etmir. Ölkə prezidenti səviyyəsində buna qarşı da ciddi mübarizə prosesi başlanıb. Amma mən əminəm ki, korrupsiya, rüşvətxorluq millətin səviyyəsi yüksələndən, ictimai şüur qalxandan, alan da, verən də rüşvəti özünə təhqir biləndən sonra Azərbaycanda minimum səviyyəyə enəcək. Yəni, bu cəmiyyətimizin bəlasıdır və bunu da ancaq bugünkü rejimin üzərinə atmaq düzgün deyil.