Rusiyada iki böyük müxalifət partiyası birləşdi

Müxalifətin etiraz aksiyası. Moskva 12 iyun 2012

-

Rusiyada iki aparıcı müxalifət partiyası iyunun 16-da birgə qurultay keçirərək birləşmək qərarına gəliblər. Bunlar keçmiş Baş nazir Mikhail Kasyanovun rəhbərlik etdiyi Xalq Azadlıq Partiyası ilə keçmiş deputat Vladimir Ryzhkovun rəhbərlik etdiyi Respublikaçı partiyasıdır.

Bundan əvvəl Baş nazirin keçmiş müavini Boris Nemtsovun partiyası da Respublika Partiyası ilə birləşmişdi. 3 təşkilatın yaratdığı yeni partiya RPR-PARNAS adlandırılıb. Onlar yeni parlament və prezident seçkisi üçün qüvvələri səfərbər edəcəklərini deyiblər.

Xalq Azadlıq Partiyası bundan əvvəl Ədliyyə Nazirliyində qeydiyyatdan keçdiyindən yeni partiya da ona birləşmiş kimi sənədləşdirilib və artıq bundan sonra yeni partiya gələcək seçkidə iştirak edə biləcək.

Liberal Yabloko partiyasının nümayəndələri də qurultayda iştirak ediblər.

Onlar da ən yaxın zamanda yeni seçki keçirilməsi üçün tədbirlərdə yaxından iştirak edəcəklərini bildiriblər.
Yeni partiya 2011 və 2012-ci ildə keçirilmiş parlament və prezident seçkisinin saxtalaşdırıldığını, buna görə də parlament və prezidentin qeyri-legitim olduğunu elan edib.