«Tapançanın mənim olduğunu boynuma almağa məcbur oldum»

İlham Əmiraslanov

İyunun 8-i Sabirabadda həbs edilən Əsgərbəyli kənd sakini İlham Əmiraslanov saxlanarkən işgəncələrə məruz qaldığını iddia edir. O, Bakı İstintaq Təcridxanasından Baş Prokurorluğa göndərdiyi məktubda necə və kim tərəfindən işgəncələrə məruz qaldığını ardıcıllıqla qeyd edib.

«OLİMPİYA İDMAN KOMPLEKSİNDƏ BAŞLAYAN İŞGƏNCƏ POLİS ŞÖBƏSİNDƏ DAVAM ETDİ»

İlham Əmiraslanov yazır ki, Əsgərbəyli kəndi yaxınlığında saxlandıqdan sonra Sabirabad Olimpiya İdman Kompleksinə aparılıb. Orada Daxili İşlər Nazirliyi (DİN) Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinin əməliyyatçıları tərəfindən işgəncələrə məruz qalıb.

O, işgəncələrin daha sonra rayon polis idarəsində davam etdirildiyini bildirir. Qeyd edir ki, videokamera qarşısında onun belindən çıxardıqları tapançanın da zorla ona məxsus olmasına imza atdırıblar:

«BAŞIMA TORBA KEÇİRİB HƏDƏLƏDİLƏR Kİ...»

«Tapançanı çıxaranda mənə dedi ki, bunu sənə qardaşın verib. Mən isə dedim ki, bu tapançanı asma körpünün üstündə sən mənim belimə qoymusan. Bu sözlərdən sonra Səid adlı şəxs mənim başıma və qarnıma yumruq vurmağa başladı. Səid torbanı başıma keçirdi və məni hədələdi ki, səni butulkanın üstündə oturdacam, başına oyun açacam. Mən onlara dedim ki, elə olmaqdansa, döyülüb ölmək daha yaxşıdır. Mən tapançanın mənim olduğunu boynuma almağa məcbur oldum. Özləri mənə ssenari hazırladılar ki, guya mən ot biçməkdən gələndə 2 ay əvvəl bu tapançanı Arazın qırağından tapmışam».

İlham Əmiraslanov yazır ki, daha sonra onu evlərinin zirzəmisinə salıb sellofanda 5 tapança patronu da veriblər. Həmin patronların ona məxsus olması ilə bağlı sənədə imza atdırıblar.

Sabirabad rayon İcra Hakimiyyəti başçısının 1-ci müavini Həsən Həsənov rayon Olimpiya Kompleksində kiməsə işgəncə verilməsi barədə məlumatlardan xəbərsiz olduğunu deyir:

«Mən bu barədə heç bir şey bilmirəm, nə də eşitməmişəm. Birinci dəfədir sizdən eşidirəm. Siz hüquq mühafizə orqanlarına müraciət edin».

DİN: «BU, ŞANTAJ VƏ BÖHTANDIR»

Daxili İşlər Nazirliyinin mətbuat xidmətinin şöbə rəisi Orxan Mansurzadə isə İlham Əmiraslanovun yazdıqlarına inanmadığını deyir. Hesab edir ki, o, bununla özünü günahsız göstərmək istəyir:

«Bu, ictimai diqqəti özünə cəlb etmək üçün kimlərsə tərəfindən məqsədyönlü şəkildə dövriyyəyə buraxılmış bir məsələdir. Daxili işlər orqanlarının cəmiyyətdəki yüksək nüfuzuna və imicinə kölgə salmaqdan başqa bir şey deyil. Bu kimi məlumatların hamısı böhtan və şantaj xarakterli məlumatlardır».

Orxan Mansurzadə

Sabirabad rayon polis şöbəsinin əməkdaşı Seyran Mehdiyev də İlham Əmiraslanovun Sabirabad polisində saxlanması və ona işgəncə verilməsi ilə bağlı deyilənləri təkzib edir:

«Burda heç kim işgəncəyə məruz qalmayıb. Nə də İlham Əmiraslanov bizdə şöbədə saxlanılmayıb».

«DEDİK Kİ, YƏQİN ONA İYNƏ VURUBLAR Kİ, BU BELƏ HALA DÜŞÜB»

Xəlil Əmiraslanov isə deyir ki, qardaşı əliqandallı, qaramaskalı, əliavtomatlı bir neçə nəfərin müşayiəti ilə evə gətiriləndə, az qala onu tanımayıblar:

«Doğrusu, biz dedik ki, yəqin ona iynə vurublar ki, belə hala düşüb. Bizi yaxına buraxmırdılar, onu kənardan görürdük. Hesab etdik ki, ona iynə vurub keyidiblər. Sakit, əzgin halda durmuşdu».

VƏKİL: PSİXOLOJİ VƏZİYYƏTİNDƏN HİSS OLUNURDU Kİ, DÜZ DEYİR

İlham Əmiraslanovla iyunun 16-da görüşdüyünü deyən vəkil Samir İsayev isə bildirir ki, müdafiə etdiyi şəxsin üz və bədənində xəsarət izləri görməyib. Amma o, bədənindəki ağrılardan şikayətlənib, ona edilən işgəncələrlə bağlı ekspertizanın təyin olunmasını istəyib:

«Mənə danışdı ki, «gördüm, hədələr real hədələrdir, dediklərini edəcəklər, düşündüm ki, bundansa ölüm yaxşıdır. Razılaşdım, hər şeyə qol çəkdim». Psixoloji vəziyyətindən hiss olunur ki, dedikləri düzdür».

Sabirabadda kompensasiya almayan daşqın qurbanlarının etiraz aksiyası, aprel 2012

OMBUDSMAN APARATI ARAŞDIRMA APARACAQ

İlham Əmiraslanovun yazdıqlarından Ombudsman Aparatı da məlumatlıdır. Qurumun hüquq şöbəsinin əməkdaşı Adil Eyvazovun AzadlıqRadiosuna dediyinə görə, müraciət artıq icraata götürülüb:

«Həmin şəxsin müraciəti Ombudsman Aparatına daxil olub və icraata götürülüb. Eyni zamanda «qaynar xətt»ə də müraciət olunub. Məsələnin yerində araşdırılması üçün həmin şəxslə görüş olacaq».

İlham Əmiraslanovun qardaşı Xəlil Əmiraslanov isə deyir ki, ailə üzvlərinin və Əsgərbəyli kənd sakinlərinin prezidentə və baş prokurora etdiyi müraciətə hələ cavab verilməyib. O, qardaşının günahsız olduğunu və daşqından zərərçəkənlərin işi ilə bağlı fəallıq göstərdiyi üçün şərlənərək tutulduğunu bildirir.

İLHAM ƏMİRASLANOVU GÖZLƏYƏN CƏZA

«Kür» Vətəndaş Cəmiyyətinin nümayəndəsi İlham Əmiraslanov Cinayət Məcəlləsinin 228.1. (Qanunsuz olaraq odlu silah, onun komplekt hissələrini, döyüş sursatı, partlayıcı maddələr və qurğular əldə etmə, başqasına vermə, satma, saxlama, daşıma və ya gəzdirmə) maddəsi ilə ittiham olunur.

İttiham təsdiqlənərsə, o, 2 ilədək müddətə islah işləri və ya 3 ilədək azadlıqdan məhrumetmə ilə cəzalandırıla bilər.

İlham Əmiraslanov həbs edilməzdən əvvəl Kür daşqınlarından zərərçəkənlərin Bakıya yürüş edəcəyi barədə məlumat yaymışdı.