«İşgəncə» yox, «əzab vermə» olacaq

Arxiv foto.

-
«Cinayət Məcəlləsindəki «İşgəncə vermə» maddəsinin adı (133-cü maddə ) «Əzab vermə» maddəsi adlandırılsın».

Belə bir təklif Milli Məclisin Hüquq siyasəti və dövlət quruculuğu komitəsindən parlamentin iyunun 29-da keçiriləcək plenar iclasına tövsiyə olunub.

Amma 2010-cu ildə metronun «Xalqlar Dostluğu» stansiyasındakı polis tərəfindən döyüldüyünü iddia edən Adil Tağıyev deyir ki, hər şey öz adı ilə çağırılmalıdır:

«BU, İŞGƏNCƏ VERƏNLƏRİN CƏZASININ YÜNGÜLLƏŞDİRMƏYƏ HESABLANIB»

«Onda bunun nəyi demokratik quruluş oldu? Bu, birbaşa anarxiyaya, diktaturaya gətirib çıxarar. İndiyə qədər polis vətəndaşı saya salmırdı, bundan sonra heç olmaz...».

Adil Tağıyev deyir ki, işgəncəyə məruz qalmasını tibbi ekspertiza tam təsdiqləsə də, ona işgəncə verən polis indiyə qədər cəzalanmayıb.

Həmsöhbətim prezident İlham Əliyevin müxalifətin 2005-ci il aksiyalarının dağıdılmasında iştirak edən polisləri müdafiə etdiyini yada salır. Deyir, adamlara işgəncə verən polisləri prezident açıq-aşkar müdafiə edirsə, Cinayət Məcəlləsinə hər cür dəyişikliklər gözləniləndir.

«İŞGƏNCƏ İŞGƏNCƏDİR»

Elçin Behbudov

İşgəncələr Əleyhinə Komitənin sədri Elçin Behbudov Cinayət Məcəlləsində «İşgəncə vermə»nin «əzab vermə» adlandırılmasına etiraz edir:

«Əzab vermə – bu, düzgün deyil. İşgəncə elə işgəncədir. BMT-nin İşgəncələrə qarşı Konvensiyasında da işgəncənin nə olduğu aydın göstərilir».

Elçin Behbudova görə, onsuz da indiyə qədər vətəndaşlara işgəncə verən bir nəfər də səlahiyyətli şəxs məsuliyyətə cəlb olunmayıb. O, hesab edir ki, belə bir dəyişikliklə vətəndaşa işgəncə verən dövlət məmurunu məsuliyyətdən kənarda qoymağa çalışırlar:

«İŞGƏNCƏ VERMƏ» QALSIN, «ƏZAB VERMƏ» ƏLAVƏ OLUNSUN

«İşgəncə faktlarının ört-basdır edilməsi – məqsəd ancaq budur. Bu, düzgün deyil axı. Mən İşgəncələr Əleyhinə Komitənin rəhbəri kimi buna etiraz edirəm. Əlbəttə, biz əməkdaşlıq etdiyimiz beynəlxalq təşkilatlarla bu məsələni müzakirə edəcəyik. Cinayət Məcəlləsindəki «İşgəncə vermə» maddəsi qalsın, «Əzab vermə»ni də ayrıca maddə kimi əlavə etsinlər».

Hüquqşünas Elçin Sadıqov isə düşünür ki, əslində «əzab vermə» anlayışı daha geniş məna daşıyır. Onun dediyinə görə, BMT-nin İşgəncələr Əleyhinə Konvensiyanın 3-cü maddəsində bir neçə hal «işgəncə vermə» kimi göstərilir:

Elçin Sadıqov


«Yəni, ifadə almağa məcburetmə və ya hər hansı ifadəni onun boynuna qoyma işgəncə vermə hesab edilir. Amma «əzab vermə» daha geniş anlayışdır».

MƏCƏLLƏYƏ TƏKLİF: CƏZA DA AZALDILSIN

Məcəlləyə təklif edilən dəyişikliklərdə bu cinayətə görə nəzərdə tutulan azadlıqdan məhrumetmə cəzası 3 ildən 2 ilə endirilir. Ağırlaşdırıcı hallarda həmin cinayətə görə cəzanın da aşağı və yuxarı həddi azaldılıb. İndiki məcəllə ilə işgəncə verməyə görə 3 ildən 7 ilədək cəza nəzərdə tutulursa, yeni layihədə təklif olunur ki, cəza 2 ildən 5 ilədək olsun.

133-cü maddənin 3-cü bəndi isə yeni layihə ilə tamamilə ləğv edilir. İndi qüvvədə olan həmin bəndə görə, işgəncə vəzifəli şəxs tərəfindən və ya onun təhriki ilə törədildikdə, buna görə 5 ildən 10 ilədək azadlıqdan məhrumetmə cəzası nəzərdə tutulur.

Hüquqşünas Elçin Sadıqov deyir ki, onsuz da işgəncə faktına görə hansısa səlahiyyətli şəxsin cəzalandırılması çətin məsələdir. Onun fikrincə, məcəlləyə təklif edilən dəyişiklikdən belə görünür ki, nə vaxtsa kimlərsə işgəncəyə görə məsuliyyətə cəlb olunsa, onların cəzası yüngül olacaq.