Catherine Ashton 9 fəalın azadlığa buraxılmasını alqışlayır

Catherine Ashton

Avropa Birliyinin Xarici Siyasət İdarəsinin rəhbəri Catherine Ashton Azərbaycanda qalan siyasi fəalların azadlığa buraxılmasına dair bəyanat verib.

İyunun 26-da yayılmış bəyanatda deyilir ki, Catherine Ashton iyunun 22-də ötən il aprelin 2-də dinc nümayiş zamanı saxlanmış doqquz fəalın azadlığa buraxılmasını böyük məmnunluqla alqışlayır:

«Bu, Azərbaycanın ölkədə mülki və siyasi hüquqların bərpası cəhdlərində və sərbəst toplaşma və söz azadlığının təminatına doğru tədricən irəliləməsində alqışlanası addımdır. Ümid edirəm ki, bu qərar gələcəkdə fundamental hüquqların tam təminatını və ölkənin demokratiya və qanunun aliliyinə dair beynəlxalq öhdəliklərinin yerinə yetirilməsini irəlilədəcək. Avropa Birliyi Azərbaycana bu işdə yardım etməyə hazırdır».