İranda azərbaycanlı şair-publisist Səid Muğanlı həbs olunub

Səid Muğanlı

İranda türk dilində yazan gənc şair-publisist, jurnalist Səid Muğanlı həbs olunub.

APA-nın məlumatına görə, azərbaycanlı jurnalist barəsində çıxarılmış 6 aylıq həbs cəzasını çəkmək üçün həbsxanaya salınıb.

Səid Muğanlı (Məhəmmədi) Təbriz İnqilab Məhkəməsi tərəfindən İrandakı mövcud quruluşun əleyhinə şeirlər yazmaqda ittiham olunaraq 6 ay müddətinə azadlıqdan məhrum edilib.

Qərar ötən ilin dekabrında Şərqi Azərbaycan vilayətinin Apelyasiya Məhkəməsi tərəfindən də qüvvədə saxlanılıb.

Azərbaycanlı jurnalist 2011-ci ilin iyunun 8-də İran İnformasiya, Təhlükəsizlik və Kəşfiyyat Nazirliyinin (ETTELAAT) əməkdaşları tərəfindən həbs edilib və sentyabrın 25-də 50 min ABŞ dolları məbləğində girov müqabilində azadlığa buraxılıb.

ETTELAAT-ın təcridxanasında 110 gün saxlanılan azərbaycanlı şairin ağır işgəncələrə məruz qaldığı bildirilir.