Portuqaliya XİN: «Biz münaqişənin həllinə kömək edə bilərik»

«Biz Avropa Birliyinin Dağlıq Qarabağ problemi ilə bağlı mövqeyini və ölkələrin ərazi bütövlüyünü dəstəkləyirik».

Bu barədə Portuqaliyanın Xarici işlər naziri Paulo Portas deyib.

P. Portas iyunun 27-də Bakıda azərbaycanlı həmkarı Elmar Məmmədyarovla birgə mətbuat konfransı keçirib.

Portas deyib ki, Portuqaliyanın Dağlıq Qarabağ problemi barədə mövqeyi aydındır:

«Bu məsələdə ərazi bütövlüyü harmoniyanı təmin edən başlıca prinsipdir. Mən problemin diplomatik həllini dəstəkləyirəm. Çünki diplomatlar ona görə vardırlar ki, onlar çətin məsələlərin siyasi həllini tapırlar. Portuqaliyanın Avropa Birliyi çərçivəsində və NATO-nun üzvü kimi münaqişələrin həllində çox böyük təcrübəsi var. Biz münaqişənin həllinə kömək edə bilərik».

Paulo Portas bildirib ki, ATƏT-in Minsk qrupunun Qarabağ münaqişəsinin həlli ilə bağlı apardığı proses gücləndirilməlidir.