Leyla Əliyeva: «Təmiz ətraf mühit təmiz və saf cəmiyyətdən başlayır»

Mətbuat icmalı

AYAZ SALAYEV: «MƏN YENƏ DƏ HƏMİN ADAMAM»

«Yeni Müsavat» qəzetinin 3 iyul tarixində kinorejissor Ayaz Salayevlə müsahibə dərc olunub. «...mən yenə də həmin adamam və o təşkilatda olmağım mənim hansısa siyasi oyunlara qoşulmağım demək deyil. İstəyirəm ki, bu saat Azərbaycanda kino inkişaf etsin. Səmimi deyim, indi ölkədə minilliklərdə olmayan imkan var. Kinonu bu imkanlardan kənar qoymaq düzgün deyil» deyən Ayaz Salayev bir qrup sənət adamının yeni yaratdığı Kinematoqrafçılar İttifaqına qoşulmasını belə şərh edir: «Yeni təşkilat həqiqətən də işlər görəcək. Bu işlər elə işlər olacaq ki, əhəmiyyəti olmayacaq ki, yeni qurum dövlət tərəfindən yaradılıb, yoxsa başqası tərəfindən. O işlərin mühümlüyü təşkilatın nə səbəbdən yaradılmasının aktuallığını itirəcək. Əgər bu mühüm işlər görülməsə, o təşkilatdan çıxacam».

«QƏLBİMİZ BÜTÜN AVROPA ÜÇÜN AÇIQDIR»

AzərTAc-ın baş direktoru Aslan Aslanov «Azərbaycan» qəzetinin bu günkü buraxılışında «Qəlbimiz bütün Avropa üçün açıqdır» sərlövhəli müəllif yazısında «Eurovision-2012» mahnı müsabiqəsi haqqında düşüncələrini oxucularla bölüşüb.

Müəllif yazır: «Mahnı müsabiqəsi keçirilən dövrdə bəzi qərəzli xarici jurnalistlər bizim şəhərin gözəlliyinin süni olduğu barədə informasiyalar yaymağa başlamış və Bakını müsabiqədən sonra görmək istədiklərini söyləmişdilər. Onlar elə təqdim edirdilər ki, guya bütün bunlar butaforiyadır və müsabiqədən sonra bu gözəlliklər də nağıllardakı kimi yoxa çıxacaqdır. Belə yerdə deyiblər: milçək bir şey deyil, ürək bulandırır».

MÜXALİFƏT DÜŞƏRGƏSİNDƏ VAHİD NAMİZƏD MÜZAKİRƏSİ

«Bizim yol» qəzeti isə müxalifət düşərgəsində vahid namizəd məsələsinin işə düşdüyündən yazır. Qəzetin siyasi şöbəsi şərh edir ki, Müsavata yaxın mətbu orqanlarda İsa Qəmbərin namizədliyi vurğulanır: «Belə çıxır ki, Müsavatın potensial başqanı (partiya yetkilisi Arif Hacılı nəzərdə tutulur-red.) vahid namizəd məsələsində güzəştsiz mövqe tutur ki, bu da qarşı tərəfin narazılığına səbəb olur. Ümumiyyətlə, AXCP müxalifətin seçki hazırlığının bu kontekstdə gündəmə gətirilməsinin əleyhinədir. Partiyadan verilən açıqlamalardan belə nəticə hasil olur ki, AXCP indidən şəxslər üzərində vahid namizəd axtarışlarının hakimiyyətdən qaynaqlanmasına narahatdır».

«TƏMİZ ƏTRAF MÜHİT TƏMİZ VƏ SAF CƏMİYYƏTDƏN BAŞLAYIR»

«Yeni Azərbaycan» qəzeti bu sayında Krans Montana Forumu çərçivəsində «Gələcəyin yeni liderləri» mövzusunda keçirilən xüsusi iclasdan reportaj verib. Reportajda Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyevanın nitqinə geniş yer verilib. Ekologiya ilə bağlı Leyla Əliyeva deyib: «Təmiz ətraf mühit təmiz və saf cəmiyyətdən başlayır. Ona görə də mən hesab edirəm ki, insanlara belə fikirləri aşılamaq lazımdır. Ətraf mühitə zərər verməyən texnologiyadan istifadə olunmalı, enerji resurslarına qənaət edilməli və s. Bu məsələlərin həlli planetimizin gələcəyini təmin edəcəkdir. Bu məsələlərin həlli bizim yaşayış tərzimizdən də çox asılıdır. Ona görə də biz bütün imkanlardan istifadə edərək, hərəkətlərimizə görə məsuliyyət daşımalıyıq».

ƏVƏZ ZEYNALLININ MƏHKƏMƏSİNDƏ DAVA DÜŞÜB

«Azadlıq» qəzeti bir müddət öncə həbs olunan «Xural» qəzetinin baş redaktoru Əvəz Zeynallının məhkəməsində dava-dalaş baş verdiyindən yazır:

«Məhkəmə başlamazdan öncə deputat Gülər Əhmədovanın yaxın adamları zalda oturmuşdular. Bundan sonra isə baş redaktorun yaxınları və tərəfdarları zalda oturmağa yer tapa bilməyiblər. Bu isə narazılığa səbəb olub».

Qəzet yazır ki, məhkəmədə Azərbaycan Nəşriyyatının direktoru Ağabəy Əsgərov, deputat Gülər Əhmədova ifadə verib.