Mp3-pleyerlə canavardan necə qorunmaq olar?

Canavar

Vəhşi bir çöldonuzu və ya ac canavarla üzləşmə təhlükəsi zamanı nə edə bilərsiniz?

Tacikistanın cənubunda yerləşən uzaq və dağlıq Kulyab rayonunda bunun üçün bir ənənə var.

Təxminən 20 il əvvəl bu rayonda rəsmilər silahdan istifadəni qadağan ediblər.

«Biz MP3-pleyer istifadə edirik», - deyə Qavoq kənd sakini Ramziddin Fazliddinov mal-qaranı qorumanın yollarını təsvir edir:

«Bu yolla biz mal-qaramıza hücum edən canavar, yaxud bir gecəyə bütün tərəvəz sahələrimizi məhv edən çöldonuzu kimi vəhşi heyvanlardan xilas olmaq istəyirik».

600 nəfərlik kəndin çoban və fermerləri hürən it, qışqıran adamlar, hətta silahdan atəş səsi çıxaran cihazlardan istifadə edirlər ki, vəhşi heyvanları qorxutsunlar.

Səsucaldıcı ilə təchiz olunmuş, Çin istehsalı böyük mp3-pleyerlər kərpic evlərin üstünə yerləşdirilir, ya da ağac budaqlarından asılır.

Ramziddin Fazliddinov deyir ki, təkcə iyun ayının son həftəsində 23 qoyun və keçi canavarların hücumuna məruz qalaraq tələf olub:

«Bu mp3-pleyerlər meydana çıxandan sonra əməlli-başlı rahatlıq tapmışıq».

Canavarlar


ƏHALİ TÜFƏNGSİZ QALIB

Daha yaxşı vasitə, əlbəttə ki, silahdan istifadə olardı. Qavoq kəndinin sakinləri odlu silahla qorunduqları vaxtları xatırlayırlar.

Evdar qadın Mehrinisso Ahmadova deyir ki, Sovet dövründə Qavoqda təsərrüfatı olan bir çoxları ov tüfənginə sahib idilər və ovçuluq üçün icazələri vardı:

«Bizim kənd kimi çətin yerdə, meşədə yerləşən ərazilər daim vəhşi heyvanlarla mübarizədədir. Belə yerdə yaşaya bilmək üçün odlu silaha ehtiyac var».

Ancaq 1990-cı illərin əvvəllərində - Tacikistanda vətəndaş müharibəsi başlayanda, kənd əhalisi bu imkandan məhrum olub. Müharibə Qavoqu da əhatə edib. Əfqanıstanla sərhədə və meşəyə yaxın bu sakit kənd 1993-cü ilin 13 iyulunda məşhurlaşıb. Həmin vaxt islamçılar Qavoq yaxınlığındakı zastavada 25 rus sərhədçisini öldürülmüşdü.

Bir il sonra tacik hakimiyyəti ümummilli tərksilah kampaniyası elan edib, əhalini odlu silahları təhvil verməyə çağırıb.

Foto: Arxiv

Tərksilah əməliyyatının ikinci mərhələsinə 1997-ci ildə - hökumət və Birləşmiş Tacik Müxalifəti sülh müqaviləsi imzaladıqdan sonra start verilib.

«GEC-TEZ CANAVARLAR BAŞA DÜŞƏCƏKLƏR Kİ...»

Ancaq silahlara qadağa hələ də qalır və Qavoq kimi sərhəd kəndlərində bu məsələ xüsusi nəzarət altındadır.

Yerli fermerlərdən Mahmad Rahim deyir ki, hüquq-mühafizə orqanları hələ də kənddə insanların silah saxlamadıqlarına əmin olmaq üçün tez-tez reydə çıxırlar.

Ətraf mühitin qorunması üzrə yerli Dövlət Agentliyinin rəhbəri Amirqul Juraev isə deyir ki, çöldonuzu və canavarların sayının artması rəsmiləri kəndlilərə ov üçün icazə verməyə təhrik edib.

Ovlamaq? Bəs nə ilə?

«Hələlik biz mp3-pleyerlərdən istifadə edirik və bu hələ ki, işləyir», - Mehrinisso Ahmadova deyir. «Ancaq bu, çox çəkməyəcək, çünki canavarlar və donuzlar başa düşəcəklər ki, bu səslər onları öldürmür».