XİN: «Azərbaycanlı və erməni icmaları arasında görüşləri dəstəkləyirik»

Xarici İşlər Nazirliyi

-
«Azərbaycan tərəfi həmişə Azərbaycan Respublikası Dağlıq Qarabağ regionunun azərbaycanlı və erməni icmaları arasında görüşlərin keçirilməsinə tərəfdar olub. Biz bu icmaların bir-biri ilə ünsiyyət qurmasına və münaqişənin nizamlanmasına öz töhfəsini verməsinə tərəfdarıq».

Xarici İşlər Nazirliyinin mətbuat xidmətinin rəhbəri Elman Abdullayev Dağlıq Qarabağın tərəf kimi danışıqlara qoşula biləcəyi barədə Minsk Qrupunun rusiyalı həmsədri Iqor Popov'un fikirlərini APA-ya belə şərh edib.

Elman Abdullayev bildirib ki, Azərbaycan etimad mühiti formalaşdırmaq məqsədilə erməni və azərbaycanlı icmaları arasında əlaqələrin qurulmasına dair müxtəlif səviyyələrdə irəli sürülən təşəbbüsləri dəstəkləyir:

«Hesab edirik ki, bu kimi görüşlər etimad mühitinin formalaşmasına müsbət təsir göstərə, həmçinin münaqişənin nizamlanmasına töhfə verə bilər».