Daşqın qurbanının sorağı həbsxanadan gəldi

Foto: Arxiv

-
«Bu yaxınlarda dedilər ki, fermer təsərrüfatlarına yeni bir hədiyyə - heyvanları masaj eləməyə alət gəlir. Elədirsə, bəs biz niyə belə çox acınacaqlı vəziyyətdə yaşamalıyıq?».

Bu, Saatlının Yeni Novruzlu kənd sakini Mirabad Rzayevin əmlak hüququ ilə bağlı bu yaxınlarda regionda keçirilən tədbirdəki çıxışından idi.

Mirabad Rzayev Kür-Araz daşqınlarından evi ziyan çəkmiş sakinlərdəndir. O, iyulun 13-də oğlu Mirsalehlə birlikdə İcra Hakimiyyətində olarkən polis tərəfindən saxlanıb. Elə həmin gün ona Cinayət Məcəlləsinin 315.1-ci (hakimiyyət nümayəndəsinə qarşı müqavimət göstərmə və ya zor tətbiq etmə) maddəsi ilə cinayət işi açılıb. Özünə 2 ay, oğluna isə 10 sutka həbs verilib.

«SÖYÜŞ OLUB, VURMAQ OLMAYIB»

Mirabadın kiçik oğlu Rəzi Rzayev AzadlıqRadiosuna bildirib ki, atası ilə icra başçısı arasında mübahisə olub. Ancaq o, heç kimi vurmayıb:

«Aralarında söz olub. Amma heç kim heç kimi vurmayıb. Məncə, sadəcə bir-birlərinə qarşı təhqiredici sözlər işlədiblər. Ona görə də, icra başçısı atamı tutdurub. Qardaşım da orada olduğu üçün ona da 10 sutka verdirib. Atama da cinayət işi qaldırıblar. Şüvəlana göndərirlər. Məhkəmənin nə vaxt olmasından da xəbərimiz yoxdur. Bizə deməyiblər».

Rəzi Rzayev deyir ki, atası 2 ildir icra hakimiyyətinə gedib gəlir. Amma şikayətinə baxan yoxdur. Daşqından sonra onlara ev vəd etsələr də, indiyədək verməyiblər.

AÇIQ QƏBULDA BAŞÇIYA HÜCUM?

Saatlı rayon İcra Hakimiyyətinin ictimai siyasi şöbəsinin müdiri Lütfəli Şıxəliyev deyir ki, Mirabad Rzayev icra hakimiyyətinə gələrək açıq qəbulda başçıya hücum edib, ona qarşı nalayiq sözlər işlədib:

«Mən orada olmamışam. Amma eşitdim ki, gəlib açıq qəbulda, camaatın gözü qarşısında icra başçısına hücum edib. Söyüşlər söyüb, pis ifadələr işlədib».

Şöbə müdiri deyir ki, Mirabad Rzayev və oğlu Mirsalehə daşqından sonra salınmış qəsəbədə ev verilib.

Rəzi Rzayev isə deyir ki, onlara 2 ev düşdüyü halda, cəmi bir ev verilib. Yəni, ailəli olan qardaşına ev verməyiblər. Halbuki, qonşularında bir kişinin özünə və ailəli olan 3 oğluna hərəyə ayrıca ev verilib. Yəni, onlara 4 ev verilib.

POLİS VURMAĞA İMKAN VERMƏYİB

Saatlı rayon prokurorunun böyük köməkçisi Əlimirzə Əliyev isə AzadlıqRadiosuna bildirib ki, Mirabad Rzayev barəsində məhkəmə qərarı var. Əsas olmasa, məhkəmə belə bir sanksiyanı verə bilməzdi. O, müstəntiqdən aldığı məlumata əsaslanaraq deyir ki, Mirabad Rzayev qəbul zamanı hamının gözü qarşısında icra başçısına hücum edib. Onu vurmaq istəyəndə, polis imkan verməyib:

«Mirabad Rzayevə sanksiya verilib, həbsdədir. Məhkəmənin verdiyi müddətdə o, istintaq altında həbsdə yatacaq. Mirabadın oğluna isə icra başçısının qəbulunda xırda xuliqanlıq etdiyi üçün inzibati qaydada həbs verilib. Hazırda inzibati həbsdədir. Neçə gün veriblərsə, ondan sonra azadlığa buraxılacaq».

Oqtay Güləliyev


Prokuror köməkçisi deyir ki, istintaq müddətində Mirabad Rzayev Bakıda, Şüvəlandakı istintaq təcridxanasında həbsdə olacaq.

TUTUB ADINI DA QOYUBLAR Kİ, GUYA MÜQAVİMƏT GÖSTƏRİB

«Kür» Vətəndaş Cəmiyyəti Qərargahının koordinatoru Oqtay Güləliyev isə deyir ki, Mirabad Rzayev daşqından ziyan çəkənlərdəndir. O, həmçinin «Kür» Vətəndaş Cəmiyyəti Qərargahının yerli fəallarındandır. Və zərərin ödənilməsi məsələsində yol verilən qanunsuzluqlarla əlaqədar müxtəlif dövlət orqanlarına şikayətlər edirdi:
«Mirabad Rzayev ayın 13-də icra hakimiyyətinə qəbula gedib ki, şikayətin desin. Orada olarkən onu oğlu ilə birlikdə həbs ediblər. Adını da qoyublar ki, guya, o, icra başçısına və polis rəisinə müqavimət göstərib».

Oqtay Güləliyev düşünmür ki, Mirabad Rzayev icra başçısına hücum edib:

«Mirabad Rzayev 2010-cu ilin yazında baş vermiş Kür-Araz daşqınları nəticəsində evlərin tikilməsi, ayrılan vəsaitlərin paylanmasında yol verilən ayrı-seçkilik və korrupsiya hallarına etiraz edib. Buna görə Fövqəladə Hallar Nazirliyi və yerli icra hakimiyyətini məhkəməyə verib».