Hərbi hissədə yanğın olub. 9 nəfər xəsarət alıb

-
İyulun 19-da səhər saat 7 radələrində Dövlət Sərhəd Xidmətinin Sanqaçal qəsəbəsində yerləşən N saylı hərbi hissəsinin anbarında yanğın baş verib.

Yanğının södürülməsinə Fövqəladə Hallar Nazirliyinin xüsusi xilasetmə dəstələri və texnikaları, o cümlədən aviasiya cəlb olunub.

Rəsmi məlumata əsasən, hadisə zamanı 9 nəfər xəsarət alıb.

Səhiyyə Nazirliyindən «Azərtac»a bildiriblər ki, hadisə yerinə 12 təcili tibbi yardım briqadası göndərilib. Nisbətən yüngül xəsarət almış 6 nəfərə yerindəcə ambulator yardım göstərilib və onlar evlərinə buraxılıb. Fövqəladə Hallar Nazirliyinin nisbətən ağır xəsarət almış 3 əməkdaşı isə Kliniki Tibbi Mərkəzə gətirilib. Yaralıların vəziyyəti orta ağır qiymətləndirilir.

Hazırda Fövqəladə Hallar Nazirliyi, Dövlət Sərhəd Xidməti və Hərbi Prokurorluğun əməkdaşları yanğının baş vermə səbəblərinin araşdırır.