Suriya üsyançılarının oxuduğu marş Azərbaycan mahnısıdır? (Video)

-

Suriyalı Dilshad Othman: "Biz o musiqini erməni musiqisi bilirik".


Zeynəb Xanlarova:
"Bu mahnının musqisi Azərbaycana, Azərbaycanın tanınmış bəstəkarı Ələkbər Tağıyevə məxsusdur. Heç kim bunu dana bilməz".


Suriyalı müxaliflərin Hələb şəhərində keçirdiyi mitinq zamanı xorla oxuduqları marş Azərbaycanda mübahisəyə səbəb olub. Məsələ burasındadır ki, marş Azərbaycan bəstəkarı Ələkbər Tağıyevin bəstələdiyi musiqi üzərində oxunub. Söhbət xalq artisti, deputat Zeynəb Xanlarovanın oxuduğu "Qal sənə qurban" mahnısının musiqisindən gedir.

Sosial şəbəkələrdə belə iddialar səsləndirilir ki, bu musiqi elə ərəblərə məxsus olub. Sadəcə Ələkbər Tağıyev həmin musiqidən istifadə edərək Mikayıl Müşfiqin sözlərinə mahnı bəstələyib. Türkiyənin məşhur müğənnisi Emel Sayının oxuduğu "Mavi Boncuk" və erməni müğənnisi Andronik Medetyanın ifa etdiyi "Qarun" (Bahar) mahnılarının musiqisi də Ələkbər Tağıyevin bəstəsilə eynilik təşkil edir. Bu baxımdan musiqinin mənşəyini Türkiyə və Ermənistana bağlayanlar da var. Lakin həm Emel Sayın, həm də Andronik Medetyandan bu musiqi üzərində oxunan mahnılar Zeynəb Xanlarovanın "Qal sənə qurban"ından sonra eşidilib. Azərbaycanın xalq artisti "Qal sənə qurban" mahnısını ilk dəfə 1968-ci ildə oxuyub. Emel Sayının "Mavi boncuk"una ilk dəfə 1974-ci ildə eyni adlı filmdə rast gəlinib. Andronik Medetyanın "Qarun"u isə 1985-ci ilə təsadüf edir.
Bu baxımdan da musiqinin ərəblərə məxsus olması iddiasının tərəfdarı daha çoxdur. Digər tərəfdən belə mülahizələr irəli sürülür ki, Zeynəb Xanlarova Suriyaya səfəri zamanı bu musqini ərəblərdən eşidə və sonradan Ələkbər Tağıyevdən eyni melodiya üzərində mahnı bəstələməsini xahiş edə bilər.

Siyasi səbəblərdən Suriyanı tərk etməyə məcbur olmuş və indi İrlandiyada yaşayan informasiya texnologiyaları mütəxəssisi Dilshad Othman Azadlıq Radiosuna verdiyi müsahibədə deyir ki, üsyançıların oxuduğu həmin mahnı Suriyada çox məşhurdur: "Biz

Dilshad Othman

o musiqini erməni musiqisi bilirik, bunun Azərbaycan mahnısı olmasından xəbərsizik. Ərəb dilində oxunan həmin mahnının sözləri isə tamam başqa məna ifadə edir. Bəşər Əsədə ünvanlanmış mahnının sözlərində ona "rədd ol" deyilir".

Qeyd edək ki, Suriyada 150 min erməni yaşayır.

Bu iddia və mülahizələrin əsaslı olub-olmadığını öyrənmək üçün "Azadlıq" qəzeti Zeynəb xanımla əlaqə saxlayıb.

Xalq artisti deyilənləri birmənalı şəkildə təkzib edərək musiqinin Azərbaycana məxsus olduğunu bildirib:

"Bu, Azərbaycanın tanınmış bəstəkarı Ələkbər Tağıyevin bəstəsidir. Heç kim musiqinin başqalarına məxsus olduğunu iddia edə bilməz. Mən bu mahnını ilk dəfə 1968-ci ildə oxumuşam. Bu mahnı həmişə mənim repertuarımda olub və xalq tərəfindən sevilib. "Qal sənə qurban" mahnısını dünyanın bir çox ölkələrində oxumuşam, o cümlədən Hələb şəhərində. Hələbdə iki dəfə olmuşam. Ola bilər ki, bu mahnı onların xoşuna gəlib və yaddaşlarına həkk olunub. Mənim üçün sevindirici haldır ki, bu gün Suriyada bu musiqinin üzərində marş oxuyurlar. Mən çox sevinirəm ki, Suriya xalqı öz sevincini Azərbaycan musiqisinin sədaları altında bölüşür. Bu əlbəttə ki, daha çox Ələkbər müəllimin xidmətidir".

Zeynəb Xanlarova deyib ki, ondan sonra bu mahnı bir çox ölkələrdə səsləndirilib: "Türkiyə müğənnisi Emel Sayın "Mavi boncuk" adlı mahnı oxudu. Musiqisi "Qal sənə qurban" mahnısının musiqisi idi. Məndən sonra oxuyub. Ermənilər də bizdən oğurlayıb o mahnını. Onlar bizim o qədər mahnılarımızı oğurlayıblar ki...

Ümumiyyətlə, mən bir məqamı diqqətinizə çatdırım ki, o zaman mən səfərlərlə gedəndə daha çox xalq mahnılarımıza, Azərbaycan bəstəkarlarının bəstələdiyi məşhur mahnılara üstünlük verirdim. Çünki bu mahnılar dildən-dilə düşmüşdü və kimlərsə onları öz adına çıxmağa cəhd edirdi. Mən bu mahnıları dünya ölkələrində səsləndirməklə həm də dünyaya göstərirdim ki, bunlar bizim mahnılarımızdır. Görünür indi də "Qal sənə qurban" mahnısını mənimsəmək istəyirlər. Amma mən birmənalı deyirəm ki, bu mahnının musqisi Azərbaycana, Azərbaycanın tanınmış bəstəkarı Ələkbər Tağıyevə məxsusdur. Heç kim bunu dana bilməz".

Bəstəkar Cavanşir Quliyev də "Qal sənə qurban"ın müsiqisi ilə bağlı mübahisələrin yersiz olduğunu deyib: "Kim deyirsə bu musiqi ərəblərə, ermənilərə və başqalarına məxsusdur, buyurub bunu sübut etsin. Varmı dəlil-sübutları?

Konkret mənim mövqeyimə gəlincə, birmənalı fikrim budur ki, bu musiqi Ələkbər Tağıyevə məxsusdur".

http://www.youtube.com/embed/2aTEfEjJBiI?feature=player_detailpage


http://www.youtube.com/embed/dzO7HPL5n1E?feature=player_detailpage


http://www.youtube.com/embed/2tQbNRx0630?feature=player_detailpage


http://www.youtube.com/embed/hHZqULHudic?feature=player_detailpage