Homoseksuallarla bağlı debat amerikalıları iki cəbhəyə böldü...

ABŞ - İki nəfər "Chick-fil-A"da yemək yeyir. Kaliforniya, 1 avqust, 2012

-
Sendviç Amerika cəmiyyətini əməlli-başlı parçalayıb.

Hər şey ondan başlayıb ki, toyuq sendviçləri düzəldib satan “Chick-fil-A” restoranlar şəbəkəsinin prezidenti Dan Cathy homoseksualların nikahlarına qarşı olduğunu deyib.

Dan Cathy baxışlarına görə mühafizəkar xristiandır və “Baptist Press” on-line qəzetinə müsahibəsində deyib ki, onun şirkəti “yalnız Bibliyada göstərilən ailə tipi”ni tanıyır.

Tezliklə məlum olub ki, Dan Cathy-nin bu dəstəyi təkcə sözdə deyil, onun restoranı və xeyriyyə fondu homoseksualların nikahına qarşı kampaniya aparan təşkilatlara milyonlarla dollar iyanə verib.

Təkcə 2010-cu ildə həmin iyanələrin məbləği 2 milyon dollar olub

Bu məsələ dərhal sosial şəbəkələrdə qızğın mübahisələrə yol açıb. Homoseksualların hüquqlarını qoruyan fəallar “Chick-fil-A”ın restoranlarını boykota çağırıblar.

Şirkətin restoranlarının sayı 1600-dən çoxdur və onların çoxu dindar xristianların sıx yaşadığı ölkə cənubunda yerləşir.

Homoseksualların nikahını qəbul etməyənlər isə əksinə hamını “Chick-fil-A”a dəstək üçün həmin restoranlara gedib yemək yeməyə çağırıblar.

Amma Harvard Universitetinin Kennedi Məktəbində Cins, gender və insan haqları proqramının direktoru Timothy McCarthy deyir ki, sendviç mübahisəsi - nəticədir, səbəbsə Amerika cəmiyyətində gedən çox ciddi debatlardır.

- İndi “Chick-fil-A”yla bağlı ictimai etirazların baş qaldırmasında iki amilin rolu olub. Onlardan biri hazırda ABŞ-da kəskinləşən siyasi qütbləşmə, digəri isə eyni cinsdən olanların nikahı ilə bağlı qızışmış debatdır. Bu faktorların kəsişməsi qığılcım rolunu oynayıb.

“Pew” Araşdırma Mərkəzinin sorğuları göstərir ki,

Axır 25 ildə Amerika cəmiyyəti indiki kimi siyasi cəhətdən qütbləşməyib

Chick-fil-A restoranı qarşısında etiraz aksiyası, Kaliforniya, 1 avqust 2012

Respublikaçılar və Demokratlar arasında gender, yaş, irq, yaxud sinfi bölünmə ilə bağlı fikir ayrılıqları getdikcə daha da dərinləşir.

İndi Amerikada 8 ştatın qanunları geylərə də bir-biri ilə evlənmək icazəsi verir, lesbiyanlara da. 30 ştatda isə ailə anlayışı qadınla kişinin nikaha girməsini ehtiva edir.

İctimai rəy isə təxminən 50-nin 50-yə bölünüb - eyni cinsdən olanların ailə qurmasına tərəfdar olanlarla bunun əleyhinə çıxanlar arasında.

Bu ilin mayında prezident Barak Obama homoseksualların ailə qurmasını dəstəklədiyini demişdi. Onun noyabrdakı prezident seçkilərində rəqibi olacaq Mitt Romney isə əksinə belə nikahların Konstitusiya ilə qadağan edilməsinə tərəfdardır.

Son aylarda başqa tanınmış şəxslər, keçmiş prezidentliyə namizədlər də bu məsələ ilə bağlı mövqelərini ifadə ediblər.

Avqustun 1-də isə homoseksual nikahların tərəfdarları “Chick-fil-A-a hörmət günü” çərçivəsində bu şəbəkənin restoranlarına axışıblar.

Şirkət yaydığı açıqlamada həmin gün rekord sayda toyuq sendviçi satdığını bildirib

Homoseksual nikahların tərəfdarları isə gey və lesbiyanları həmin restoranların qarşısına yığışıb kütləvi öpüşmə aksiyası keçirməyə çağırıblar.

Floriadadan olan gey Ken Chapman:

- Məncə “Chick-fil-A”ı dəstəkləyənlərin haqqıdır ki, belə bir mövqe sərgiləsinlər. Amma mən hiss edirəm ki, onlar bu məsələdə qırmızı xətti keçiblər və yığılan pullar mənim haqlarımı inkar edən təşkilata ötürülür. Ona görə də mən orada daha yemək yeməyəcəm, mənim də onlar kimi bərabər əsasda öz hüquqlarımı həyata keçirmək haqqım var”

Amma bu mübahisələr həm də Amerikada insanların birləşib öz fikirlərini bildirmək, inandıqları ideyalar uğrunda kampaniyalar aparmağa necə münbir şərait olduğunu göstərir.