Eynulla Fətullayevin İlham Əliyev haqqında düşüncələri, «Bişkek protokolu»nun gizlinləri...

Foto: Arxiv

-
«Zerkalo» qəzeti yazır ki, Rusiya ən müasir raket gəmisi olan «Daqestan»ı Xəzər dənizinə çıxarıb. Gəmi sualtı, suüstü və hava hücumlarına qarşı mübarizə üçün nəzərdə tutulub. Rusiyalı ekspertlər qeyd edirlər ki, bu, Yaxın Şərqdə baş verən hadisələrlə bağlı ola bilər.

BAKI ABŞ DÖVLƏT DEPARTAMENTİNİN HESABATINI CİDDİYƏ ALMALIDIR

«Azadlıq» qəzetinə müsahibəsində politoloq Vəfa Quluzadə deyir ki, «Rusiya Azərbaycanı terror vasitəsi ilə hədəfə ala bilər».

Politoloq hesab edir ki, rəsmi Bakı ABŞ Dövlət Departamentinin hesabatını ciddiyə almalıdır:

«Rusiya tədricən Ermənistanın ondan uzaqlaşacağını bilir və buna görə Qafqazdakı prosesləri nəzarətdə saxlamaq üçün Şimali Qafqazdakı qüvvələri vaxtaşırı qızışdıracaq. Bu isə Azərbaycana bir hədədir. Ona görə Dövlət Departamentinin hesabatındakı narahatlığı nəzərə alaraq biz ayıq olmalıyıq. Çünki Rusiya Qafqaza nəzarəti itirməmək üçün terrorçu qruplar vasitəsilə Azərbaycanı hədəfə ala bilər».

Eynulla Fətullayev

«İLHAM ƏLİYEV DİKTATOR DEYİL»

«Mən İlham Əliyevin diktator kimi qələmə verilməsinə qarşıyam». Bu fikirləri «Yeni Müsavat» qəzetinə müsahibəsində jurnalist Eynulla Fətullayev deyib:

«Diktator Lukaşenkodur, Niyazovdur, çünki onlardan daha mədəni və ağıllıdır, Avropa düşüncəlidir. O, özünü heç zaman həmin aşağı statusa endirməz. Ona görə də, daim balanslı siyasət həyata keçirir. Ola bilər, bəzən totalitarizmin bir addımlığına qədər gəlir, ancaq sonuncu addımı atmır. Azərbaycanda İlham Əliyevi ən kəskin formada tənqid edən qəzetlər var. Onlar açıq satışdadır. «Facebook»da bloqqerlər onu ən sərt şəkildə tənqid edir. Lukaşenkonun, Niyazovun ölkəsində bunlar mümkün deyil.
Ona görə bir qədər ədalətli olmalıyıq».

«BİŞKEK PROTOKOLU»NUN GİZLİNLƏRİ

«Ayna» qəzeti «Bişkek protokolu» barədə yazır. Qəzet keçmiş dövlət müşaviri Qabil Hüseynlinin fikirlərinə yer verib.

Qabil Hüseynli

Politoloqa görə, bu protokol Gəncə və Yevlax rayonlarının işğal olunmasına imkan verməyib:

«Adı «Bişkek protokolu» kimi tanınsa da, bu sənəd Bişkekdə deyil, Bakıda imzalanıb».

Qəzetə görə, mərhum Afiyəddin Cəlilov Bişkekə göndərilsə də, sonradan Heydər Əliyev tərəfindən geri qaytarılıb.

Qəzet yazır ki, ATƏT-in Minsk qrupunun həmsədri Vladimir Kazimirov bu protokola «Dağlıq Qarabağ Respublikası»nın da adını əlavə edibmiş:

«Bunu gördükdən sonra Afiyəddin Cəlilov Bişkekdən birbaşa Heydər Əliyevə zəng vurub vəziyyət haqqında məlumat verib. Heydər Əliyev də onun gecə geri dönməsini əmr edib».

«XOCALI» FACİƏSİNƏ YAZILAN MUSİQİ

«Azərbaycan» qəzeti rusiyalı bəstəkar Aleksandr Çaykovskinin «Xocalı» matəm musiqisi yazdığını qeyd edir.

Qəbələ 4-cü musiqi festivalında iştirak edən bəstəkar Qəbələdə keçirilən mətbuat konfransında bu barədə məlumat verib:

Foto: Arxiv


«Mən əvvəlcə Xocalı faciəsi haqqında məlumat topladım, müxtəlif videokadrlara baxdım, Azərbaycan musiqi nümunələrini disklər vasitəsi ilə dinlədim və bundan bəhrələnərək bu əsəri yazdım».

MÜXALİFƏTİN NEÇƏ NAMİZƏDLƏ SEÇKİYƏ GETMƏSİ YAP-A MARAQSIZDIR

«Müxalifətin prezident seçkilərinə vahid, çoxlu, iki namizəd və ya hansı formada gedəcəyi bizim üçün əhəmiyyət kəsb etmir». «Yeni Azərbaycan» qəzeti yazır ki, bu fikirlər Yeni Azərbaycan Partiyasının (YAP) icra katibinin müavini, deputat Mübariz Qurbanlı deyib.

O, İctimai Palatanın fəaliyyətində də təhlil ediləcək nüans və çəki görmədiklərini deyib.

«ƏSGƏRLƏRİ VİLLADA QUL KİMİ İŞLƏDİRLƏR»

«Əsgərləri öldürüb, daxili orqanlarını xaricə satırlar». «Bizim yol» qəzeti yazır ki, bu fikirləri bir müddət əvvəl hərbi xidmətdə vəfat edən Pərviz İsgəndərovun anası Kifayət İsgəndərli deyib:

«Oğlum öldürülən hərbi hissədə 1 ayda 8 əsgər olub. Orda bir generalın villası var, gözümüzün önündə əsgərləri qul kimi işlədirlər. Hərbi hissənin yanındakı dükanda əsgərlərin ərzağı satılır. Əsgərlər orda-burda yemək yeyirlər. Əksəriyyəti ac qalır».