«Qardaşım vəzifəsindən istifadə edərək evi öz adına keçirib»

Arxiv foto

İmişli rayon sakini Valeh Məmmədov «Qaynar xətt»ə şikayət edib ki, qardaşı Aydın Məmmədov ata evini saxtakarlıqla öz adına keçirib və onu evdən qovub. İndi qardaşlar məhkəmə qapılarında qalıb. Məhkəmələr gah onun, gah da qardaşının iddiasını təmin edir.

Valeh Məmmədov: «1998-ci ildə əsgərlikdən gəldim, gördüm ki, böyük qardaşım evi söküb, artırmalar edib, ancaq təmirsizdir. Anam isə bir otaqda qalır. Mən otaqları təmir etdirdim. Sonra anam vəfat etdi. 2010-cu ildə razılığa gəldik ki, Bakıdakını mənə versin, rayondakı ev ona qalsın. Gəldim Bakıya, evi təmir etməyə hazırlaşanda məlum oldu ki, bu evi mənə vermək fikri yoxdur, xəbər göndərmişdi ki, rayondakı evdən də əlimi çəkim. Dedi əlin hara çatır, get şikayət elə».

Valeh Məmmədovun da əli məhkəməyə çatıb. İmişli rayon Məhkəməsi onun ata evinə yerləşdirilməsi ilə bağlı iddiasını təmin etməsə də, Şirvan Apellyasiya və Ali Məhkəmə onun evə yerləşdirilməsini təmin edib. Valeh Məmmədov deyir ki, icra məmurları onu bir neçə dəfə evə yerləşdirmək istəsələr də, qardaşı onu evə yaxın buraxmayıb.

Valeh Məmmədovun sözlərinə görə, əvvəllər qardaşı İmişli rayon Torpaq və Xəritəçəkmə Şöbəsinin rəisi olub. İndi də həmin şöbədə mütəxəssis işləyir:

«QARDAŞIM SAXTA SƏNƏDLƏR TƏRTİB EDİB»

«Qardaşım evi ələ keçirmək üçün elə əlinin altındakı köhnə arxiv sənədlərini ləğv edərək saxtalarını tərtib edib. Atamın adına bir qarış da yer qoymayıb, hamısını saxtakarlıqla öz adına dəyişib».

Əvvəlki məhkəmələr Valeh Məmmədovun ata mülkünə köçürülməsi barədə qərarlar çıxarmasına baxmayaraq qardaşı Aydın Məmmədovun iddiası əsasında keçirilən növbəti məhkəmə Valeh Məmmədovu mülkdən məhrum edib. İyun ayında İmişli məhkəməsi qətnamə çıxarıb ki, Aydın Məmmədov qardaşına 2 min manat kompensasiya ödəsin və qardaşının evdə yaşamaq, yaxud da mülkdən pay iddialarına son qoyulsun.
Ancaq Valeh Məmmədov deyir ki, kompensasiya ilə razılaşmır və ata mülkünə köçürülmə hüququnun təmin olunmasını tələb edir.

Valeh Məmmədovun qardaşı Aydın Məmmədov məhkəmələrdəki izahatlarında bildirib ki, onun mülkiyyətində İmişli şəhəri, Qasım İsmayılzadə küçəsi 100 saylı ünvanda yerləşən yaşayış evi var. 4 nəfər ailə üzvləri ilə birlikdə həmin evdə yaşayır. Əvvəllər həmin ünvanda mərhum atasının tikdiyi ev olub. Ev köhnəldiyindən onu söküb həyətdə ailəsi ilə yaşamaq üçün indiki evi tikib. Qardaşı Valeh Məmmədov onunla dolanmayaraq evdən çıxıb, sonra da İmişli rayon Məhkəməsində evə köçürmə barədə iddia qaldırıb.

KOMPENSASİYA VƏ YA 1 OTAQLI EV TƏKLİFİ

Məhkəmənin 25 fevral 2011-ci il tarixli qətnaməsi ilə iddiası rədd edilib. Yuxarı instansiyalar isə Valeh Məmmədovun onun ailəsi ilə yaşadığı evə köçürməsi barədə qərarlar çıxarıb. İmişli rayon icra bölməsinin əməkdaşları Valeh Məmmədovu bir neçə dəfə evə yerləşdirmək istəyib: «Ancaq qardaşım birinci mərtəbədəki otaqlarda yaşamaqdan imtina edib, bizim yaşadığımız ikinci mərtəbədəki otaqları tələb etdi. Bu isə mümkün deyil. Valeh subaydır, mənim isə arvadım və 3 uşağım var. Evin yuxarı mərtəbəsində ailə üzvlərimin əmlakı yerləşir».

Aydın Məmmədov məhkəmədən Valehə kompensasiya verilməklə mənzildən çıxarılmasını xahiş edib. Ya da İmişlinin Melorator qəsəbəsində qardaşına 1 otaqlı ev ala bilər.

Ancaq Valeh Məmmədov nə başqa yerdə ev istəyir, nə də kompensasiya. O, ata evinə yerləşdirilməsini tələb edir. Buna görə də İmişli rayon Məhkəməsinin ona kompensasiya kəsilməsi ilə bağlı qətnaməsindən apellyasiya şikayəti verəcəyini deyir.