Bakıda günvurma hadisələrinin sayı artıb

Son iki gündə Bakıda günvurma hadisələrinin sayı artıb. Bu barədə APA-ya Bakı şəhər Təcili və Təxirəsalınmaz Tibbi Yardım Stansiyasının operativ və hospital işlərinin təşkili şöbəsinin böyük həkimi Zemfira Vahidova bildirib.

Onun sözlərinə görə, son iki gün ərzində paytaxtda 8 nəfər günvurma ilə bağlı təcili yardıma müraciət edib: «Günvurma ilə bağlı təcili yarıma müraciətlərdən beşi dünən qeydə alınıb. Müraciət edən 8 nəfərdən beş nəfər xəstəxanaya yerləşdirilib. Onlardan ikisi uşaqdır. Günvurmaya məruz qalanlar əsasən cavan insanlardır. Çünki yaşlı adamlar belə havalarda küçəyə daha az çıxırlar».

Z. Vahidova əhaliyə saat 14.00-dən 18.00-dək açıq havaya çıxmamağı məsləhət görüb. Həkimin sözlərinə görə, belə hava şəraitində papaq və gün çətirlərindən istifadə etmək, ağ rəngli geyimlərə üstünlük vermək lazımdır.