Mehriban Əliyeva Pakistanda kimsəsiz uşaqlara iftar süfrəsi açıb

Azərbaycanın birinci xanımı Mehriban Əliyevanın təşəbbüsü və dəstəyi ilə Pakistan Baş Nazirinin katibliyi nəzdində fəaliyyət göstərən “Pakistan Sweet Home” fondu tərəfindən bu ölkənin müxtəlif şəhərlərində yerləşən 11 uşaq evinin 1200 sakini üçün iftar süfrəsi təşkil edilib.

Bu məlumatı verən Azərbaycanın Xarici İşlər nazirliyinin saytı xəbər verir ki,
"Baraha Ko şəhərində təşkil olunmuş təntənəli mərasimdə Pakistanın birinci xanımı Nüsrət Parvez Aşraf və qızı, Baş Nazirin müşaviri Şahnaz Vazir Ali, “Pakistan Sweet Home” fondunun icraçı direktoru Zamurad Xan, Azərbaycanın Pakistandakı səfirliyinin əməkdaşları, ölkənin aparıcı televiziya kanallarının nümayəndələri iştirak ediblər.

Tədbirdə Heydər Əliyev Fondunun Prezidenti Mehriban Əliyevanın təşəbbüsü və dəstəyi ilə Azərbaycanda və xarici ölkələrdə həyata keçirilən humanitar, təhsil və səhiyyə sahələrində layihələr barədə ətraflı məlumat verilib və Pakistanın zəlzələdən zərər çəkmiş Müzəffərabad şəhərində qızlar məktəbinin inşa edilməsi qeyd edilib.

Həmçinin bildirilib ki, Heydər Əliyev Fondu tərəfindən Pakistanda silsilə humanitar yardımlar proqramı çərçivəsində “Edhi Home” kimsəsizlər evində sığınacaq tapan uşaqlara tibbi baxış və hepatit B virusuna qarşı peyvəndləşdirmə aparılıb, Peşavər şəhərində “Akbar Care” serebral iflic institutunda imkansızlar üçün pulsuz müayinə təşkil edilib, həmçinin Xayber Paxtunxva əyalətinin Laki Marvat şəhərinin qadınlar və uşaqlar xəstəxanasında açıq ürəkdə əməliyyatları aparılıb, Hamza Fondu (Peşavər) üçün müasir qanköçürmə avadanlıq və laboratoriya ilə təchiz edilmiş təcili tibbi yardım maşını və 2000 ədəd qanköçürmə paketi alınıb, Xayber Göz Fondunun yeni binasının inşası üçün maddi yardım edilib.

Tədbirin sonunda hər bir uşağa hədiyyə verilib."