ADP sədri Sərdar Cəlaloğlu prezidentə müraciət edib

-
Azərbaycan Demokrat Partiyasının sədri Sərdar Cəlaloğlu avqustun 23-də prezident İlham Əliyevə müraciət edib.

ADP sədrinin AzadlıqRadiosuna dediyinə görə, müraciətdə İran Məşrutə inqilabının başçısı, Şərqdə ilk parlamentin yaradıcısı Səttarxanın təbliğ olunması və dünyaya tanıdılması istiqamətində təkliflər öz əksi tapıb.

Sərdar Cəlaloğlu deyir ki, Avropada Cromwel'in həyata keçirdiyi islahatlara bərabər olan işləri İranda gerçəkləşdirən Səttarxanı Azərbaycanda yaxşı tanımırlar.

ADP sədrinə görə, Azərbaycan xalqının digər Şərq xalqlarından daha çox azadlıqsevər olmasını nümayiş etdirən Səttarxan hərəkatı haqqında faktların tanıdılması həm də müasir Azərbaycan dövlətinin dünyada təbliğ olunmasında mühüm rol oynaya bilər:

«Səttarxan bizim fəxrimizdir. O, Şərq üçün böyük şəxsiyyətdir. «Ərəb inqilabı» indi başlayıb, amma Səttarxan 100 il əvvəl Şərqdə demokratiya uğrunda nələr edib, bizim həmvətənlərimiz bunu bilmir. İndi deyirlər ki, xalq demokratiyaya hazır deyil. Necə hazır deyil? Azərbaycan xalqının demokratiya nümunələri var ki, onları tanıtmaqla Azərbaycan özünü dünyada tanıda bilər».

Məktubda həm də Azərbaycan Milli Məclisinin binası qarşısında Səttarxanın heykəlinin ucaldılması təklif edilir.