Berezovsky keçmiş ortağı Abramovich`ə qarşı məhkəmə iddiasını uduzdu

Arxiv foto: Boris Berezovsky (solda) və Roman Abramovich 2000-ci ilin 18 yanvarında Rusiya Dövlət Dumasında.

-
Rusiyalı oliqarx Boris Berezovsky keçmiş binzes ortağı Roman Abramovich`ə qarşı Londonda qaldırdığı çoxmilyardlıq məhkəmə iddiasını uduzub.

Londonda Ali Məhkəmə avqustun 31-də Berezovsky`nin qaldırdığı 6 milyard dollarlıq məhkəmə iddiasını haqlı saymayıb.

66 yaşlı Boris Berezovsky Rusiyadan qaçaraq Britaniyada yaşayır. Əvvəllər onunla ortaq olmuş milyarder 45 yaşlı Roman Abramovich də Britaniyada biznesə sahibdir. O, Chelsea futbol klubunun sahibidir.

Berezovsky iddiasında bildirmişdi ki, Abramovich onu Sibneft`dəki səhmlərini dəyərindən ucuz satmağa məcbur edib. Berezovsky həmçinin iddia edib ki, Abramovich onun icazəsi olmadan dünyanın ən böyük alüminium istehsalçılarından olan Rusal`dakı paylarını da başqasına satıb.

Abramovich iddiaları rədd edir.

Amma hakim bu mübahisədə Berezovsky`nin haqlı olmadığını deyərək onun 6 milyard dollar təzminat iddiasını rədd edib.