Obama rəsmən Demokratlar Partiyasından prezidentliyə namizəddir

ABŞ prezidenti Barack Obama Demokratlar Partiyasının noyabrın 6-da keçiriləcək prezident seçkilərində rəsmi namizəd olmaq haqdakı təklifini qəbul edib.

Demokratlar Partiyasının bu gecə keçirilən toplantısında Barack Obama 50 dəqiqə çıxış edib. Onun çıxışı canlı yayılıb.

Obama bildirib ki, “əsas siyasət istehsal, enerji, təhsil, təhlükəsizlik, büdcə şəffaflığı və daha güclü bir iqtisadiyyatdır”.

Xarici siyasətdən danışanda isə Barack Obama adını çəkməsə də Suriya prezidentini “diktator” adlandırıb. Obama İran haqqında isə deyib ki, “İran nüvə proqamına qarşı birləşən dünyanı görməlidir”.

Obama İraqdakı müharibəni sona çatdırmaqla bağlı 4 il əvvəl Konqresdə verdiyi sözü xatırladıb, vədini yerinə yetirdiyini bildirib. Əl-Qaidə liderinin onun hakimiyyəti dövründə məhv edildiyini vurğulayıb.

Obama çıxışı zamanı həyat yoldaşı Michele Obama haqqında “onu sevdiyini”, qızları isə qürur duyduğunu bildirib.

Obamanın prezident seçkilərindəki rəqibi Respublika Partiyasından namizədliyi irəli sürülmüş Mitt Romneydir.