İradə Musayeva. "Azərbaycan" jurnalı haqqında

İradə Musayeva

-

Hüseynbala Mirələmov və başqa bu kateqoriyadan olan yazıçıların səhifələri zəbt etməsi, “Ulduz”dan “Azərbaycan”a, “Azərbaycan”dan “Ulduz”a keçən istedadsız müəlliflər...

Hicran Hüseynovanın bu fürsətdə özünüreklamı (artıq kamilləşmişəm? filan-filan adda hekayələrim, məqalələrim var, məqaləm filan yerdə müzkirə olunub və s.) jurnalı müdafiə mövqeyini üstələdi...


"Oxu zalı"nda Azərbaycan Yazıçılar Birliyinin ədəbi jurnalları ilə bağlı polemika davam edir


İradə Musayeva


“AZƏRBAYCAN” JURNALI HAQQINDA


İnsan yalnızca söylədiklərindən deyil,
Susduqlarından da sorumludur.


(Ə.Nesin)

İstənilən dövrün ədəbi prosesinin mərhələləri bədii əsərin sujet xəttində olduğu kimi - başlanğıc (ekspozisiya), düyün nöqtəsi (zavyazka), zirvə (kuliminasiya), düyünün – qarışıq və anlaşılmazlıqların açılıb aydınlaşması (razvyaska) və nəticəni göstərən son (final) – deyilən yolu qət edir.

Məsələn, son 20 il – müstəqillik dövrü hesab etdiyimiz mərhələnin başlanğıcı 80- ci illərin sonu, 90-cı illərin əvvəllərindən azad, sərbəst elan olunduğu gündən çaşqınlıq içərisinə düşdü.

İnkarçılar, mühafizəkarlar, yenilikçilər və s. ədəbi düşüncə sahibləri komplekssiz özünüifadə və böyük ədəbiyyat uğrunda yolçuluğa çıxmadı. İlk növbədə “hansı yolla özümü göstərim?” prinsipi ilə qulağını alqış sədalarına köklədi.

Bu yolda isə yersiz iddialar və etirazlar, qaraguruh hay- küyü, məntiqə, konkretliyə, intellektual dərkə və idraka əsaslanmayan müsahibələr, ideyalar üstündə deyil, sözlər üstündə qurulan mübahisələr, “cavabvermələr”, dostların, rəfiqələrin həmin səviyyəyə uyğun dəstəkləmələri, şərhləri, ədəbiyyat adına yayımlananda, təbii ki ciddi ədəbiyyat söhbəti eləmək olmur... Mənim “Ulduz” jurnalının problemləri ilə bağlı yazdığım məqaləyə jurnalda publisistika və qadın məsələləri ilə bağlı yazılara məsul olan Hicran Hüseynovanın şərhdən məqaləyə çevrilmiş (həmin materialın yarıdan çoxu mənimməqaləmə yazdığı şərhdən ibarətdir), filoloji cəhətdən əsaslı olmayan yazısında olduğu kimi...

Həqiqətən də müəllif “Ulduz” haqqında redaktor və cavabdeh şəxslərdən biri kimi yox,

Hicran Hüseynova

sadəcə qadın kimi danışdı. Özü də bu fürsətdə özünüreklam (artıq kamilləşmişəm? filan-filan adda hekayələrim, məqalələrim var, məqaləm filan yerdə müzkirə olunub və s.) jurnalı müdafiə mövqeyini üstələdi...

***

Əvvəldə söylədiyim “ədəbi prosesin mərhələlərinin də bir sujet xətti olur” – fikrimi davam etdirmək istəyirəm.

Doğrudan da ədəbi-bədii fəaliyyət canlılığı, dinamikliyi və dramatikliyi ilə ictimai marağın hədəfinə çevrilir və izlənir.

Prosesin – sujetin kuliminasiya nöqtəsi ədəbiyyatın həmin dövrünü tarixiləşdirir və yadda qalan edir.

Məsələn, XX əsrin 20-ci illərinin ədəbiyyatı ədəbi-estetik və ideoloji düşüncədə yer tutdu, 30-40-cı illər yox, 60-cılar sujetin qalxan xəttində yazıb-yaratdılar, 70-80-ci illər müəllifləri isə yox. 90-cıları zaman, ictimai-siyasi hadisələr silkələdi (düzdür, bu silkələnmədən bəzilərinin beyni də zədə aldı, travmalı başla yazıb-pozası oldular) və əli qələm tutan hər kəs ədəbiyyat meydançasına gəldi.

Bu qarışıqlıqda isə sujetin hansı nöqtəsində olduğumuzu ayırd etməyə çətinlik çəkirdik. Hər halda canlanma və ya hərəkətə, inkişafa meyl yaxşı haldır. Bu canlılığı və dinamikliyi yaratmaq missisiyası isə təkcə fərdlərin deyil, daha çox kollektiv yaradıcılığın məhsulu olan ədəbi orqanların üzərinə düşür.

Ancaq o halda ki, həmin ədəbi orqanların sovet yaddaşında hakim ideologiyaya xidmət rəzilliyi və aşağı çoxluğa – kütləyə hesablanmış zövq səviyyəsizliyi unudulmuş olsun.

Ədəbiyyatı hər cür ideolojiliklərin qanadı altından çıxarıb onu zamanın fəlsəfi, estetik və siyasi düşüncə tələbatının fövqünə qaldırmaq kimi fundamental xidməti ədəbiyyatımıza məhz təcrübəsi, tarixi, professonallığı və dəyərli ədəbi-bədii material uğrunda prinsipial mövqeyi olan qəzet – jurnal yaradıcıları həyata keçirə bilər. Bu baxımdan “Azərbaycan” jurnalının imkanları daha genişdir.

Adının bütün dövrlərdə inqilabi və tendensiyalı olmağına baxmayaraq (“Maarif və mədəniyyət” – 1923 – 1927; “İnqilab və mədəniyyət” 1928 – 1936; “Revolyusiya və kultura” – 1936 – 1941; “Vətən uğrunda – 1941 – 1946; “İnqilab və mədəniyyət – 1946 – 1952 və s.) bu jurnalda ciddi, yaradıcı və ədəbi məsuliyyəti üstündə hiss edən yazılar daha çox çap olunub.

Yaradıcılıq fəaliyyətini və proqramını Azərbaycan və dünya ədəbiyyatı, ədəbiyyatşünaslığı, nəzəri-estetik baxış və cərəyanları özündə əks etdirmək prinsipləri üzərində quran yaradıcı heyət bu işi, poeziya, nəsr, “tənqid və ədəbiyyatşünaslıq”, “publisistika” şöbələrində həyata keçirir.

İntiqam Qasımzadə jurnalın iyirminci, ən uzun ömürlü (15 il) baş redaktorudur. Müxtəlif illərdə müxtəlif yazıçı və tənqidçilər, şairlər baş redaktor missiyasını 2, 3, 5 il davam
etdirib. Yalnız Y. Səmədoğlu 1987 – ci ildən 1997 – ci ilədək – 10 il bu vəzifədə olub.

Məsələn, T. Ş. Simurq – 1923; Ruhulla Axundov – 1927 – 1928; M. Quliyev – 1929 – 1932; M. İbrahimov – 1938 – 1941; M. Arif 1942 – 1945; C. Məmmədov – 1966 – 1975; İ. Şıxlı – 1976 – 1978; C. Novruz – 1984 – 1987 və s.

15-16 şərti çap vərəqi həcmində 1000 tirajla çap olunan bu günkü “Azərbaycan” ədəbiyyatın, ədəbi zövqün formalaşmasında, inkişafında, belə demək mümkünsə, idarə olunmasında hansı işləri görür?

Jurnalın son 10- 12 illik saylarını vərəqlədim (bu materialların əksəriyyətini mütəmadi olaraq oxumuşdum) və materialları təxminən aşağıdakı başlıqlar altında qruplaşdırdım: Folklor, klassik irsimiz, ədəbi gənclik, sənətkarlıq məsələləri, tənqid və ədəbiyyatşünaslıq, dünya ədəbiyyatı və tərcümələr, dini dəyərlərimiz, türk dünyamız, cənubdan səslər, ədəbi yaddaş, açılmamış səhifələr, ədəbi cərəyanlar və məktəblər, tarixə səyahət, dəyirmi masa və s.

Gördüyümüz kimi dairə genişdir və yalnız ağır, zəhmət tələb edən yaradıcılıqla bu dairənin içərisini keyfiyyətli ədəbi məhsullarla doldurmaq olar. Dərc olunan bütün yazıların adını yazmasaq da, müəllifləri mövzular əsasında qruplaşdırmaq istərdik:

Folklor – V. Quliyev, N. Cəfərov, Ə. Cəfərzadə, H. Məmmədli, S. Babayev, M. Allahmanlı, M. Qasımlı, M. Cabiroğlu, Ş. Cəmşidov, S. Əlizadə, T. Bünyadov, M. Hacıyeva, M. Kazım oğlu və başqaları ədəbiyyatın bu sahəsində, Kitabi Dədə Qorqud, “ Koroğlu ”, “ Aşıq yaradıcılığı”, folklor janrları və növlərinin bu və digər nəzəri məsələlərinə həsr edilmiş gərəkli tədqiqat materialları ilə çıxış ediblər.

Əvvəllər “klassik irsimizdən”, sonralar isə “ İncilər” rublikasında N.Gəncəvi , İ. Nəsimi, M. Fizuli, Heyran xanım, A. Bakıxanov, N.Vazeh və başqalarının yaradıcılıq nümunələri xatırlanır.

Azarbaycan teatrının problemləri ilə bağlı araşdırma və qənaətlər nisbətən dar çərçivədə azsaylı müəlliflər, teatrşünaslar tərəfindən işlənib hazırlanır: M Əlizadə, A. Talıbzadə, A. Dadaşov, Ə.Vəliyev, İ.Kərimov, Ç.Ələsgərli, B.Osmanov və b.

“ Azərbaycan” jurnalı dünya ədəbiyyatından kimləri gətirib səhifələrinə: Alber Kamyu, Qoderzi Coxeli, İvan Bunin, Əziz Nesin, Əhməd Temir, Mikloş Bamoş, Toğrul Kəskin , Ömər Seyfəddin, Vasili Şukşin, Yasunavi Kavabata, Boris Morjanov, Saad Həmid, Vasil Papov, Xorxe Luis Borxes, Tatyana Tolstaya, Puşkin, Ceyms Qrinvud, Marsel Eme, Uilyam Folkner, Mixail Bulqakov, Fakir Baykurt, Somerset Moyem, Con Patrik və b.

Sənətkarlıq, ədəbiyyatşünaslıq məsələləri, eləcə də açılmamış səhifələr rubrikalarının imzaları demək olar ki, jurnalda mütəmadi çıxış edən ədəbiyyatşünas və tənqidçilərə aiddir: V. Yusifli, N. Cəfərov, B. Əlibəyli, A. Əmrahoğlu, İ. Həbibbəyli, Ə. Əlizadə, C. Yusifli, Ə. Cahangir, T. Əlişanoğlu, N. Ələkbərli, H. Quliyev, A. Sabitova, Z. Əsgərli, Q. Əbdülsəlimzadə, Ş. Əlibəyli, B. Əhmədov, T. Salamoğlu, E. Aslanov, B. Əvəzoğlu, Ə. Həbiboğlu, K. Yusifoğlu, X. Quliyeva, X. Məmmədov, A. Bayramoğlu, Ş. Nəzərli, N. Cabbarlı, Q. Hacıyeva, R. Kamal və b.

Jurnalın əməkdaşları müxtəlif illərdə ədəbiyyatımızın mövzu-ideya, forma-məzmun, sənətkarlıq məsələləri ilə bağlı problem və mübahisələrinə cavab tapmaq məqsədilə “Bizim sorğu”, “Polemika”, “Dəyirmi masa” layihələri ilə çıxış etmiş və bu araşdırma

Hüseynbala Mirələmov

vasitəsilə ədəbi mənzərənin potensial imkanlarını ortaya çıxarmaya çalışmış, monoloji mülahizələri obyektiv müstəviyə gətirmək, qarşılaşdırmaq və nəticədə həqiqətə daha yaxın olanı oxucuya göstərmək üçün diskussiya, polemika şəraiti yaratmışdır.

Tənqidçilərin və nəzəriyyəçilərin iştirakı ilə keçirilən bu söhbətlərdə ciddi, elmi – fəlsəfi və nəzəri əsaslara söykənən ədəbi – bədii zövq və intellekt üçün dəyərli olan fikirlər ortaya çıxmışdır (məsələn, “XX əsrin sonudur. Tənqidçi nə düşünürsən?”).

Eyni zamanda ədəbi gəncliyi fərdlər və birliklər şəklində (məsələn, “Dəniz”, “Nöqtələr” və s. ədəbi birliklər ) mütəmadi olaraq oxuculara tanıtmaq işini aparmışdır.

Tariximiz, keçmişimiz rubrikasında bir çox müəlliflər, xüsusilə də Manaf Süleymanov dəyərli tarixi araşdırmaları ilə çıxış etmişlər.

Günümüzün və xalqımızın gündəlikdən düşməyən Qarabağ dərdi “Azərbaycan” jurnalında da vaxtaşırı əksini tapıb. V. Məhərrəmov, Z. Qarayev, M. Allahmanlı, K. V. Nərimanoğlu, E. Mehrəliyev, M. Cəfərli və başqa müəlliflər bədii, sənədli, publisistik yazıları ilə bu mövzuda öz sözlərini deyiblər.

“Azərbaycan” sadaladığımiz və sadalaya bilmədiyimiz digər materialları ilə də ədəbi bədii jurnallar içərisində ən samballı ədəbi orqan kimi səciyyələnə bilər. Ancaq dərgini yeniləşməyə, ədəbi proses sürətini ötüb keçməyə qoymayan bir sıra ənənəvi təqdimat formaları və qəbul edilməyən imzalara meydan açması problemi var.

“Azərbaycan elləri”, “Obalardan gələn səslər ”, “Yurd yeri”, “Yaxın-uzaq ellər” və ya “Bayramınız mübarək, əziz qadınlar” rubrikalarında dəstə-dəstə müəllifləri mahallara və cinslərə bölüb, qruplaşdırıb ədəbiyyata gətirmək bayağı görünür.

“Sazın qəmi, gözün nəmi” və s. bu kimi subyektivizmlərə meydan vermək, ağılı-nisgilli, “Xatirələr, duyğular” rubrukasında yas mərasimi açmaq, ya da ədəbiyyatdan kənara çıxıb pivə, araq, çaxır, şampan və s içkilərin tarixi, hazırlanması və istifadə qaydalarından bəhs edən iri həcmli məqalələr (Ç. Əlioğlu “İçkilər haqqında traktat 1998 №11 – traktat sözü sizi aldatmasın, məqalə sırf kulinariya mövzusundadır – İ. M) dərc etmək , Azərbaycan” oxucularını narazı salır.

Eləcə də H.Mirələmov və başqa bu kateqoriyadan olan yazıçıların səhifələri zəbt etməsi, “Ulduz”dan “Azərbaycan”a, “Azərbaycan”dan “Ulduz”a keçən istedadsız müəlliflər...

Bir də ədiblərimizin yubliyarlar kimi (60-70-80 yaş münasibətilə yazılan yazılar da janrlaşmış tostlar effektini verir) yox , ədəbiyyata dəxli olan insanlar kimi təqdim olunmasını istərdik.

Nəhayət, mühüm hesab etdiyimiz bir faktı da xatırlatmaq istərdim. Dünya ədəbiyyatının siyahısına diqqət yetirdinizsə, seçim dünyanın ədəbi mənzərəsini çox məhdud və sönük göstərir. Həm də bu siyahı gəncləşməlidir. Bu irad eyni zamanda ədəbiyyatşünaslıq rubrikasına da aiddir.

Ə. Cahangir, Q. Quliyev, A. Sabitovanın bu problemlə bir sıra cəhdlərini nəzərə almasaq, çağdaş dünya ədəbi-estetik cərəyanları, məktəbləri və təmayülləri ilə bağlı materiallar yox dərəcəsindədir.

“Körpü” jurnalında bu tələbatdan doğan bilgiləri daha çox əldə etmək olurdu...

Jurnalın təhlilini sırf poeziya, nəsr, dramaturgiya bölgüsü əsasında aparmaq istəmədim, ona görə ki, bu artıq böyük həcm və daha konkret faktlara əsaslanan tədqiqat tələb edir...