Z. Qaralov: Korrupsiyaya qarşı mübarizənin nəticələri göz qabağındadır

Zakir Qaralov

«Hüquqi dövlətin formalaşdırılması, ölkənin yüksələn xətt üzrə mütərəqqi inkişafı müxalifətyönümlü bəzi destruktiv qüvvələri ciddi narahat edir».

Bunu «Azərbaycan» qəzetinə müsahibəsində Baş prokuror Zakir Qaralov deyib.

«Həmin qüvvələrin qərəzli və ucuz sensasiya yaratmaq, görülmüş işlərə kölgə salmaq və onların əhəmiyyətini azaltmaq məqsədi daşıyan uğursuz cəhdləri ölkəmizin inkişafı yolunda heç bir maneə ola bilməz».

Zakir Qaralov korrupsiyaya qarşı mübarizə sahəsində ölkədə aparılan işlərin nəticəsinin göz qabağında olduğunu deyib.

Korrupsiyaya və rüşvətxorluğa qarşı mübarizənin kampaniya xarakteri daşımadığını deyən baş prokurorra görə, bu istiqamətdə işlər daha da qətiyyətli şəkildə bundan sonra da davam etdiriləcək.

Baş prokuror Korrupsiyaya Qarşı Mübarizə İdarəsi tərəfindən korrupsiya cinayətlərinin aşkar edilməsi, qarşısının alınması istiqamətində atılan addımlara da toxunub. O, fəaliyyətə başladığı bir ildən artıq müddətdə idarənin əməliyyat şöbəsi tərəfindən keçirilmiş 43 əməliyyat tədbiri nəticəsində 44 şəxsin cinayət başında yaxalandığını deyib.