ABŞ səfirliyi növbəti xəbərdarlığı yaydı

-
ABŞ-ın Bakıdakı səfirliyi sentyabrın 21-də «Facebook» sosial şəbəkəsində xəbərdarlıq yayıb.

Məlumatda deyilir ki, cümə günü günorta saatlarında səfirlik qarşısında aksiya keçirilə bilər. Aksiyanın dünyada gedən anti-Amerika etirazlarına bağlı olduğu təxmin edilir.

Məlumatda daha sonra deyilir:

«Hətta dinc məqsədli aksiyalar belə zorakılıqla nəticələnə, öncədən gözlənilməyən nəticələr verə bilər. Hər zaman ayıq-sayıq olun».

AzadlıqRadiosunun əməkdaşı bildirir ki, səfirliyin mühafizəsi gücləndirilib. Həmin ərazidə çoxsaylı polis əməkdaşları var.

Bir neçə gün öncə də - sentyabrın 17-də ABŞ səfirliyi eyni məzmunda xəbərdarlıq yaymışdı. Az sonra səfirliyin qarşısında bir qrup şəxs Məhəmməd peyğəmbər haqda çəkilmiş «Müsəlmanların məsumluğu» filminə etiraz etmək istəsə də, polis bunun qarşısını almışdı.