Mənzil İstismar Sahələrinin vaxtı keçibmi?

Dəyirmi masa

-
«Mənzil istismar sahələri faktiki fəaliyyət göstərmələrinə baxmayaraq, onların bu fəaliyyəti üçün heç bir hüquqi aspekt yoxdur».

Bu fikirləri «İqtisadi Təşəbbüslərə Yardım» İctimai Birliyinin hüquqşünası Azad Talıbov deyib.

Sentyabrın 28-də «İqtisadi Təşəbbüslərə Yardım» İctimai Birliyi yeni Mənzil Məcəlləsinə əsasən binaların idarə edilməsindəki problemlərlə bağlı dəyirmi masa keçirib.

Hüquqşünas bildirib ki, hazırda çoxmənzilli binaların idarəsinə MİS-lər baxsa da, 3 il əvvəl qəbul olunmuş Mənzil Məcəlləsində binaların idarə edilməsinin üç üsulu göstərilib. Binaların sahə mülkiyyətçiləri, mənzil mülkiyyətçilərinin müştərək cəmiyyəti və idarəedici təşkilat tərəfindən idarə olunması.

Azad Talıbov gələcəkdə mənzil idarəçiliyinə MİS-lərin cəlb olunacağını da istisna etmir:

«Yeni təşkilatlar yaratmaqdansa, məhz mövcud olanlardan istifadə etməyin maddi və vaxt baxımından daha əlverişli olması da əsas gətiriləcək».

İTYİB-in sədri Azər Mehtiyev isə bildirib ki, dəyirmi masanın keçirilməsində əsas məqsəd Azərbaycanda dövlət orqanlarının həyata keçirdiyi mərkəzləşdirilmiş mənzil təsərrüfatı idarəçiliyindən yerli özünüidarə prinsiplərinə əsaslanan sistemə keçidin təmin olmasıdır.