-
Sentyabrın 28-i səhər saat 7-00 radələrində Bakıya verilən elektrik enerjisi kəsilib. Nəticədə Bakıda metronun fəaliyyəti dayanıb. İşıqforlar işləməyib. Yollarda tıxaclar yaranıb. İşə tələsənlərin, eləcə də məktəbə, universitetlərə dərsə gedənlərin avtobus dayanacaqlarına axışması şəhərin müxtəlif yerlərində, xüsusilə də metronun «20 Yanvar» stansiyasının ətrafında əməlli-başlı çaxnaşma yaradıb. Dayanacağa dolu gəlib çıxan avtobuslara minə bilməyənlər saatlarla dayanıb gözləməli olublar.
Bakı sakini Turxan Aslanov deyir ki, hər gün səhər saat 7-də evdən çıxıb 9-a qalmış işdə olur. Bu gün artıq xeyli gecikib:
«Bu gün əməlli başlı gecikmişik. Yəqin ki, işdə başa düşərlər bizi. Deyəsən piyada gəzə-gəzə getməli olacağıq işə. Nə vaxt çatacağımızı deyə bilmərəm».
İŞIQFORSUZ TIXACLAR
İşıqforun işləməməsi onsuz da tıxacdan əziyyət çəkən sürücülərin işini daha da ağırlaşdırıb.
Yaranan tıxaclar səhiyyənin də işində problemlər yaradıb. Xəstə aparan təcili yardımlar səs gücləndirici ilə digər maşınlardan yolu boşaltmalarını istəsə də, bu, mümkün olmayıb.
Adi hallarda tıxacların miqyasını azaltmada çətinlik çəkən yol polisləri bu dəfə sürücülərlə daha çox mübahisə edir, onlara vəziyyəti anlamağa çağırırdılar.
Ətrafda çoxları telefonla danışır, metronun işləmədiyini deyib ya kimisə xəbərdar edir, ya da işə vaxtında çata bilməyəcəyini söyləyirdi. Azyaşlı uşağını məktəbə aparanların işi daha çətin idi. Çünki böyüklərin minə bilmədiyi avtobuslara onları qaldırmaq mümkünsüz idi.
Anasının əlindən tutub avtobus gözləyən 1-ci sinif şagirdi Cabir Əliyev deyir ki, hərdən dayanacaqda adam çox olur. Amma bu qədər adamı ilk dəfədir görür.
İşə tələsən insanlar birtəhər özünə yer etmək ümidi ilə avtobusdan yapışır, onu buraxmırdılar. Ona görə də, bələdçi növbəti avtobusları dayanacaqdan xeyli aralıda qarşılamalı, minə bilməyən sərnişinləri aralayıb yol açmalı olurdu. Yaxınlaşıb vəziyyətə münasibətini öyrənmək istədik, amma o, özündə olmadığını, danışa bilməyəcəyini dedi.
QATARLAR TUNELDƏ QALIB
Yerin altında metronun müvəqqəti sıradan çıxması yerin üstündəki nəqliyyatın yaranan yükü qaldırmaq iqtidarında olmadığını ortaya çıxarmışdı. Şəhər faktiki olaraq iflic vəziyyətinə düşmüşdü.
Bakı Metropoliteninin rəisi Tağı Əhmədov AzadlıqRadiosuna bu barədə danışarkən deyib ki, işıqlar sönərkən qatarlar tunellərdə qalıb:
«06:44-də metroda işıqlar söndüyü üçün metroda qatarların hərəkəti dayanmışdı. Artıq 09:45-dən etibarən metropolitendə qatarların hərəkəti bərpa edilib. İşıqlar sönən zaman tunellərdə qatarlarımız qalmışdı. Bu problem də həll olundu».
Tağı Əhmədov qeyd edib ki, problem elektrik enerjisi ilə bağlı olduğu üçün o, əlavə heç bir şey deyə bilməz.
SƏRNİŞİNLƏR QAPILARDA
«Azərenerji ASC»nin mətbuat xidmətinin rəhbəri Ələkbər Baxşəliyev AzadlıqRadiosuna deyib ki, artıq respublikada elektrik enerjisi tam bərpa olunub.
Onun dediyinə görə, Mingəçevir Su Elektrik Stansiyasında baş verən yanğının fəsadları aradan qaldırılır.
Ələkbər Baxşəliyev bildirdi ki, paytaxt Bakıya və respublikaya enerjinin verilməsi səhər saat 06:50-də kəsilib. Təxminən saat 10-da bütün ölkədə enerjinin verilməsi tam bərpa olunub.
Şəhərdə vəziyyətlə tanış olmaq, eləcə də digər dayanacaqlardakı insanlarla söhbət etmək üçün xeyli piyada gəzməli olduq. Nəqliyyatdan ümidini üzənlər təkcə maşın deyil, həm də insan tıxacından çıxmaq üçün pay-piyada şəhərin mərkəzinə doğru gedirdilər.
Tez-tez yanımızdan keçən avtobusların sol, yəni qapılar olan tərəfi o qədər əyilmişdi ki, az qalırdı maşın aşsın. Gözləməkdən bezən insanlar avtobusların açıq qalmış qapılarından sallanmaqdan da çəkinmirdilər.
Amma bütün bunların ortasında gözə dəyən yalnız yol polisləri idi.
FÖVQƏLADƏ VƏZİYYƏT VƏ FHN-NİN MƏLUMATI
Sonradan Fövqəladə Hallar Nazirliyinin yaydığı məlumatdan bəlli oldu ki, Mingəçevirdə yerləşən Azərbaycan İstilik Elektrik Stansiyasının elektrik paylayıcı yarımstansiyasını ildırım vurub. İES-in bir neçə bloku sıradan çıxdığı üçün paytaxtla yanaşı, respublikanın əksər şəhər və rayonlarında işıqlar sönüb.
Dövlət Yol Polisi İdarəsinin rəisi Kamran Əliyevin dediyinə görə, paytaxtda tıxaclar aradan qaldırılıb:
«Enerji mənbəyinin olmaması səbəbindən işıqforlar işləməyib. Lakin Dövlət Yol Polis İdarəsinin əməkdaşları yolayırıcında hərəkəti tənzimləyiblər. Səhər saatlarında yollarda yaranan tıxac təxminən saat 10-da aradan qaldırılıb».
«FORS-MAJOR İSTƏNİLƏN ÖLKƏDƏ VAR»
Milli Məclisin Təhlükəsizlik və Müdafiə Komitəsinin üzvü, deputat Zahid Oruc Bakıda insanların həyatında problem yaradan bu hadisəyə bəraət qazandırmaq istəmədiyini deyir. Amma bildirir ki, enerji texniki məsələdir. Bu sahədə insan iradəsindən kənar da nələrsə baş verə bilər:
«Görünür ayrı-ayrı nöqtələrdə qorunma mexanizmləri zəifdir. Xüsusilə kütləvi sahələri tənzimləyən sahələrin təhlükəsizliyinin təminatına bağlı tədbirlərə daha ciddi ehtiyac var. İkincisi də, yaranmış böhran, fövqəladə hal, yaxud da buna bağlı situasiyalarda hərəkət etmənin mexanizmləri, dövlət tənzimlənməsi tədbirləri ilə bağlı daha sistemli işlərə ehtiyac var».
Zahid Oruc bildirir ki, fors-major hallar dünyanın istənilən ölkəsində baş verə bilir. 2010-cu ilin yanvarında o, ABŞ-da olarkən Vaşinqtonda enerji ilə bağlı daha ciddi situasiyanın şahidi olub.
PAYTAXTIN ENERJİ TƏMİNATI HARADANDIR
«Kür» Vətəndaş Cəmiyyəti Qərargahının üzvü Mehman Əliyev isə hesab etmir ki, baş verənlər Mingəçevirdən qaynaqlanır. Deyir, Mingəçevirdə qəza baş verməsinə çox böyük şübhə ilə yanaşır. Çünki hər dəfə belə qəzalar olanda Mingəçevirin üzərinə atırlar:
«2002-ci il iyulun 14-də belə qəza baş verəndə, dedilər tarlada yanğın olub. 2006-cı ilin yanvarında və 2010-cu ilin fevralında da belə hallar oldu, yenə də Mingəçevirlə əlaqələndirdilər. Halbuki. Mingəçevir elektrik stansiyası ölkənin elektrik enerjisinin 2 faizini verir».
Mehman Əliyev deyir ki, son illər Bakı ətrafında 4 elektrik stansiyası tikilib. Bunların ümumi istehsal gücü 1325 MVt-dır. Bakının adi vaxtlardakı elektrik enerjisi tələbatı isə adi vaxtlarda 1250, ən gərgin anlarda isə 175 MVt olur. İndi qış olmadığı üçün bu stansiyalar Bakını və Sumqayıtı enerji ilə təmin etməli idilər. Bu da onu göstərir ki, Mingəçevirdə yox, şəbəkənin özündə çox ciddi problemlər var:
«2006-cı ildəki qəzadan sonra mərkəzi dispetçer idarəsini təkmilləşdirməyə başladılar. Bundan ötrü yeni avadanlıqlar aldılar ki, belə qəzalar yarananda avtomatik olaraq hər şey qaydasına düşsün. Ancaq bu, baş vermədi. Deməli belə çıxır ki, tezliklə yığışıb yenə ovaxtkı kimi deyəcəklər ki, yeni vəsaitlər lazımdır. Sonra yenə qəza olacaq, yenə vəsait ayrılacaq».
Mehman Əliyevin dediyinə görə, son 7 ildə elektrik stansiyaların tikilməsi üçün ancaq dövlət büdcəsindən 3 milyard manat vəsait ayrılıb. Halbuki, «Azərenerji»nin özünün də qoyduğu investisiyalar var:
«Çox ciddi məsələlərdən biri də metropolitenin fəaliyyətinin dayanmasıdır. 2010-cu il hadisəsindən sonra metropolitenin ehtiyat elektrik stansiyasının tikiləcəyi bildirildi. Yəni, bir qapanma olsa, metropoliteni öz avtonom stansiyası təmin etməli idi. Bu da baş vermədi. Halbuki, metropolitenə təxminən 40 milyon manat investisiya ayrılıb. Hara getdi onda bu vəsait? Stansiyanın tikilməsinin nə əhəmiyyəti, onun işinin dayanmasının qarşısını alan blok orada olmayacaqsa? Metro dayana bilməz. Bu, strateji obyektdir».
Mehman Əliyevin fikrincə, bu hadisə ölkənin elektrik enerjisi sisteminə yenidən vəsaitlər ayrılmasına səbəb olacaq. O, hesab edir ki, əslində sentyabrın 28-də Bakıda fövqəladə vəziyyət yaranıb. Bu halda Yol Polisi, FHN və digər müvafiq strukturların əməkdaşları küçələrə çıxarılmalı idi. Amma bunlar baş vermədi.