Zaur Qurbanlının vəkili prokurorluğa müraciət edib

-
Oktyabrın 5-də vəkil Aslan İsmayılov bloqqer Zaur Qurbanlının həbsinin əsassız olması ilə əlaqədar Baş Prokurorluğa ərizə ilə müraciət edib.

Vəkil deyir ki, şikayətin bir səbəbi də gənc fəalın DİN-in Mütəşəkkil Cinayətkarlığa qarşı Mübarizə İdarəsində saxlanmasıdır:

«Onun «Bandotdel»də saxlanılması psixoloji təsir göstərmək məqsədi daşıyır. Əlimdə order ola-ola bu gün görüş istədim. Görüşə icazə vermədirlər. Heç bir izah da vermədilər».

Zaur Qurbanlı ilə oktyabrın 4-də görüşdüyünü deyən vəkil onun vəziyyətinin yaxşı olduğunu bildirdi.

Zaur Qurbanlının üzvü olduğu NİDA Vətəndaş Hərəkatının bir neçə üzvü də oktyabrın 5-də prokurorluğa ərizə ilə müraciət edib. Müraciətlərinə hələ ki cavab verilməyib. Buna görə yenidən fərdi şəkildə ərizə ilə müraciət edəcəklərini deyirlər.

NİDA-nın idarə heyətinin üzvü Ziya Bayramov deyir ki, Prokurorluğa 100-ə yaxın ərizənin yollanması nəzərdə tutulur. O, aksiyanın davamlı olacağını deyir.

Gənc bloqqer Zaur Qurbanlı sentyabrın 29-da saxlanıb. Rəsmi informasiyaya görə, o, narkotik vasitələrin qanunsuz dövriyyəsi ilə əlaqədar daxil olan əməliyyat məlumatı əsasında saxlanıb. Onun saxlanarkən polis əməkdaşlarına müqavimət göstərdiyi deyilir. Barəsində 15 sutka inzibati həbs qərarı çıxarılıb.