14 yaşlı Malalanın vurulmasına etiraz olaraq aksiya keçirilib

Pakistanın şimal-qərbində yüzdən çox adam 14 yaşlı Malala Yusufzayın vurulmasına etiraz olaraq aksiyaya çıxıb. Sülh uğrunda mübarizə aparan “Amn Tahrik” təşkilatı aksiyanı Peşəvər şəhərində keçirib.

Malala Pakistanda qızların təhsili üçün kampaniya aparırdı. Oktyabrın 9-da o Mingora şəhərindən evə qayıdanda başından vurulub. Qızın vurulmasına görə məsuliyyəti talibançılar üstünə götürüb.

Pakistanın baş naziri Pervez Ashraf onu “Pakistanın qızı” adlandırıb. ABŞ Dövlət Departamentinin sözçüsü Victoria Nuland 14 yaşlı qıza olan hücumu qorxaqlıq və barbarlıq adlandırıb. BMT-nin hərbi münaqişələrdəki uşaqların problemi üzrə xüsusi nümayəndəsi Leila Zerrugi hadisəni kəskin pisləyib.

Malala Yusufzay hazırda xəstəxanadadır. Əməliyyat yolu ilə güllə qızın başından çıxarılıb. Həkimlər onun vəziyyətinin stabil olduğunu bildiriblər.