Ankaraya endirilmiş Suriya təyyarəsində hərbi yük olub

Cümə axşamı Moskvadan Dəməşqə uçan və Ankarada məcburi yerə endirilən sərnişin təyyarəsində Suriya ordusu üçün nəzərdə tutulmuş hərbi yük olub.

Bunu Türkiyənin baş naziri Rəcəb Tayyib Ərdoğan bəyan edib.

Rusiyanın Xarici İşlər Nazirliyi bundan əvvəl Ankaradan məsələyə aydınlıq gətirilməsini tələb etmişdi.

Yük müsadirə edildikdən sonra təyyarə yenidən Dəməşqə uçub.

Suriya buna görə Türkiyəni ittiham edib, onu “hava quldurluğu”nda günahlandırıb.

Ötən həftə Suriyadan atılan raketin Türkiyə ərazisinə düşməsi nəticəsində 5 dinc sakin ölüb və Türkiyə buna cavab olaraq Suriyadakı bir sıra mövqeləri vurub.

Türkiyə silahlı qüvvələrinin baş qərərgah rəisi Necdet Özel xəbərdarlıq edib ki, Suriya tərəfdən ətəş davam etsə buna daha sərt cavab veriləcək.