Elmar Məmmədyarovdan ASALA-ya qarşı tədbir

ASALA terror təşkilatının Azərbaycanın diplomatik missiyalarının nümayəndələrinə ünvanlanmış hədələri ilə əlaqədar xarici işlər naziri Elmar Məmmədyarovun hərəkət marşrutları barədə əvvəlcədən xəbər yaymamaq barədə qərar qəbul olunub.

APA-nın xəbərinə görə, bunu Azərbaycan XİN-in mətbuat katibi Elman Abdullayev Fransa xarici işlər nazirinin Azərbaycan və Ermənistan XİN başçılarının görüşünü təşkil edəcəyi barədə yayılan xəbərlərə münasibət bildirərkən deyib.

«Bu barədə məlumat olarsa, açıqlama verəcəyik» – deyə E. Abdullayev qeyd edib.

Oktyabrın 12-də bəzi mətbuat orqanları Fransa xarici işlər nazirinin Dağlıq Qarabağ münaqişəsinin nizamlanması prosesi ilə əlaqədar noyabr ayında Azərbaycan və Ermənistan XİN başçılarının görüşünü təşkil edəcəyi barədə məlumat yayıb.